Quldurluq edən şəxslərə cəza kəsildi

Quldurluqda təqsirləndirilən şəxslər məhkəmədə son söz deyib. Onlara hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Vahid Şirinov və Rəşad Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs son söz deyib. Onlar məhkəmədən ədalətli qərar gözlədiklərini və özlərini təsdirli bilmədiklərini söyləyiblər.
Müşavirədən sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən V.Şirinov 6 il və R.Məhərrəmov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən il may ayının 17-də Nizami rayonunun Keşlə qəsəbəsində baş verib.
Rəsmi məlumatda yazılır ki, həmin qəsəbədə şəxsiyyəti məlum olmayan şəxslər qəsəbə sakini Vasif Namazovu küt alətlə hədələyib 800 manat pulunu alıb.
Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri V.Şirinov və R.Məhərrəmov tutulub.
Həmin şəxslər Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq, silah və silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törəldildikdə) maddəsi ilə ittiham olunub.