Rusiyada azərbaycanlı idmançı güllələndi - FOTOLAR

Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlı idmançı öldürülüb.
Hadisə sentyabrın 8-də baş verib. Kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, diaspor fəallarından biri kimi təqdim olunan Ramil Canıyev yaşadığı evin qarşısında güllələnib.
Rusiya İstintaq Komitəsi Çelyabinsk üzrə idarəsinin Kurçatov rayonundakı şöbəsinin rəisi İqor Mitroxinin bildirdiyinə görə, qatil Canıyevi Çelyabinsk şəhərinin şimal qərbində yerləşən Ostrovski küçəsində, 7 nömrəli binanın girişində 1 saata yaxın gözləyib və evdən çıxan anda güllələyib.
Başından güllə yarası almış 25 yaşlı R.Caniyev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin münaqişə zəminində baş verdiyi iddia edilir. Cinayəti törətməkdə şübhəli bilinən 26 yaşlı Eldəniz Bağırov axtarılır.
Faktla bağlı “qəsdlə adam öldürmə” maddəsi ilə cinayət işi başladılıb.
Virtualaz.org xatırladır ki, həmin hadisədən bir gün sonra silahlı və maskalı şəxslər Çelyabinsk şəhərindəki “Bakinski dvorik” (“Bakı həyəti”) restoranını əhatəyə alıb.
Son məlumatlara görə, orada 50 nəfər saxlanılaraq polisə aparılıb.
Amma onlara qarşı hansı ittihamın irəli sürüldüyü barəbə məlumat verilmir.