Müharibə veteranının mülkü mənimsənilib

kinci Dünya müharibəsi iştirakçısı torpağının yarısını satıb, öz adında qalan hissə isə naməlum şəxslərin adına keçib
Bakı şəhər sakini Abbasova Solmaz Həsənbala qızı redaksiyamıza gələrək şikayətlənib. Şikayətçi qeyd edib ki, İkinci Dünya müharibəsi veteranı olmuş atası Əliyev Həsənbala Qüdrət oğlunun adına olan torpaq sahəsi müəmmalı şəkildə başqasının adına keçirilib:
“Atam 2004-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi ünvanında yerləşən 901 saylı 12 sot bağ sahəsində yerləşən 14,17 kvm sahəli bağ evini özəlləşdirərək, Zenfira adlı qadına satıb. Qeyd etdiyim kimi, atam yalnız bağ evini həmin qadına satıb, 12 sot torpaq sahəsini özəlləşdirmədiyi üçün onun adında qalırdı. Yəni həmin ərazi alqı-satqı predmeti olmamışdı. Hazırda mən atamın hüquqi varisi və ailə üzvüyəm. Bu yaxınlarda həmin 12 sot torpağı atamın adına özəlləşdirib, daha sonra öz adıma keçirmək istəyirdim. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etdim. 2011-ci ildə mənə cavab verildi ki, bu mümkün deyil, çünki naməlum bir fiziki şəxsin adına keçirilib. Sonradan məlum olub ki, Zemfira adlı qadın 14,17 kvm sahəli bağ evini aldıqdan sonra qanunsuz şəkildə müxtəlif yollarla 12 sot torpaq sahəsini də öz adına keçirib”.
Şikayətçinin sözlərinə görə, mübahisəli torpaq sahəsi sonradan 3 nəfərə satılıb: “Araşdırma apardım, məlum oldu ki, Zemfira adlı qadın qanunsuz şəkildə həmin ərazini 3 nəfərə satıb. Hazırda həmin şəxslər şikayətçidirlər.
Aidiyyəti orqanlardan xahiş edirəm, mənim hüquqlarımı bərpa edib, atamın adına olan 12 sot topağın yeganə vərəsə kimi mənim adıma keçməsinə köməklik göstərəsiz. Məsələ ilə bağlı müxtəlif qurumlara müraciət etsəm də, məqsədli şəkildə hüquqlarım pozulur".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.