Şirkət rəhbəri olan hüquqşünas xanım hakim qarşısında

Dələduzluqda təqsirləndirilən hüquqşünas qadının cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1979-cu il təvəllüdlü Bağırova Nüşabə Şahlar qızının cinayət işi üzrə məhkəmə prosesinə hakim Mirzə Xankişiyev sədrlik edib.
Məhkəmənin hazırlıq iclasında məlum olub ki, təqdirləndirilən şəxs cinayət işi materialları ilə tanış olmayıb.
Ali təhsilli hüquqşünas olduğunu deyən Nüşabə Bağırova istintaq dövründə müdafiə hüquqlarının pozulduğunu bildirib.
"Mənim hüquq şirkətim olub. Vergilər Nazirliyindən qeydiyyatdan keçib, qanunla nəzərdə tutulmuş şəkildə fəaliyyət göstərmişəm. Fəaliyyətimlə bağlı rəsmi sənədləri də məhkəməyə təqdim edə bilərəm. İstintaq dövründə müdafiə hüquqlarım pozulub. Mən həbsdə olduğum halda müdafiəçi ilə təmin edilmədim. Müstəntiq sonuncu dəfə Kürdəxanıya mənimlə görüşə gələndə vəkil gətirmişdi. Mən də imtina edib öz vəkilimin işə qoşulmasını istədim. Amma mənim xəbərim olmadan iş yekunlaşdırılısb və məhkəməyə göndərilib"- deyə N.Bağırova bildirib.
Məhkəmədə məlum olub ki, N.Bağırova daha əvvəl də dələduzluqda təqsirləndirilib. Onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.
Təqsirləndirilən şəx əlavə edib ki, onun barəsində əvvəlki cinayət işinə də eyni müstəntiq baxıb: "Sumqayıt Şəhər Polis İdarəsində işimə eyni müstəntiq baxıb. Məhkəmə birinci işdə həmin müstəntiq barəsində xüsusi qərardad çıxardı. Müstəntiqə töhmət verildi. O zaman da müdafiə hüququm pozulmuşdu, bu dəfə də. Məhkəmədən xahiş edirəm ki, bu işə ədalətli baxılsın. Bu qədər haqsızlıq olmaz. Mən də bir anayam, vətəndaşam".
Məhkəmə təqsirləndirilən şəxsin vəsatətini qəbul edib, iddialarını araşdırmaq üçün hazırlıq iclasını təxirə salıb. Növbəti məhkəmə iclası sentyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, N.Bağırova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinir. O, bir neçə nəfərdən hüquqi yardım göstərmək adı ilə pul alıb aldatmaqda ittiham edilir.