Deputatlar məzuniyyətdə, jurnalistlər əziyyətdə...
Aydın Quliyev: “Mətbuatdan yayınan həmin personalara haqq qazandırmıram”; Namidə Bingöl: “Əsas problem mövzunun olmaması yox, müsahibin tapılması məsələsidir”; Alçina Amilqızı: “Əlaqə saxlayanda da “məzuniyyətdəyəm” deyib...”
Yay fəslində mətbuata açıq olan deputatların, dövlət məmurlarının, siyasi qurumların rəhbər və təmsilçilərinin əksəriyyətinin istirahətdə olmalarından ən çox mətbuat əziyyət çəkir. Belə ki, həmin şəxslərin tam əksəriyyəti məzuniyyətə çıxarkən media ilə əlaqələrini kəsirlər.
Bu da hər hansı bir mövzu üzrə şərh almağa ehtiyac duyan jurnalistlərin işlərini xeyli çətinləşdirir. Doğrudur, istirahətdə olarkən belə telefonları mətbuatın üzünə açıq olan şəxslər də var, amma onlar azlıq təşkil edirlər. Mətbuata ən çox danışan şəxslərin deputatlar olduğunu nəzərə alsaq, onların çoxunun media ilə əlaqələr qurmağa meylli olmadıqlarını düşünsək, mətbuata açıq azsaylı deputatların məzuniyyətdə olarkən jurnalist həmkarlarımızın bizim kimi hansı çətinliklərlə üz-üzə qaldıqlarını təsəvvür etmək çətin deyil. Xüsusilə, bu hal Milli Məclis yay tətilinə çıxarkən özünü daha qabarıq formada büruzə verir. Mətbuatın fəaliyyətinə bu hal ciddi maneçilik yaratmaqla yanaşı, kəskin qınanır.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünü mətbuata qapayan personalardan danışdı: “Bizim də jurnalistlər gündəlik iş prosesində belə hallarla üzləşirlər. Bunlar anındaca mənə məruzə olunur. Harada olmasından asılı olmayaraq, mediamız üçün açıq olan dövlət məmurları, deputatlar, ictimai-siyasi xadimlər var və nə yaxşı ki, onlar mövcuddur. Amma təəssüflər olsun ki, müəyyən mülahizələrlə, xüsusilə, ya məzuniyyətdə, ya da istirahətdə olmaq müraciəti ilə özünü mətbuata qapayan bu cür personalar var. Bu məsələdə heç kimi hər hansı bir açıqlama verməyə məcbur etmək olmaz. Media da heç kimi məcbur etmək mexanizminə malik deyil. Amma ümumi kriteriyalarla yanaşanda hər hansı bir mülahizə ilə özünü mətbuatdan kənar qoyan istənilən bir şəxs üçün bu yolverilməz haldır. Məzuniyyətdə, yaxud istirahətdə olmaq hər kəsin peşə fəaliyyətindən birdəfəlik üzülüşməyi deyil. Çünki baxmayaraq ki, məzuniyyət, istirahət yaxud ezamiyyətdir, hər bir kəsin peşə fəaliyyəti nöqteyi-nəzərindən qırılmaz tellərlə bağlı olduğu bir arena var. Ona görə düşünürəm ki, hər bir kəs bağlı olduğu arenanın nəbzi üzərində daim barmağını saxladığını hər kəsə nümayiş etdirməlidir. Məzuniyyət, istirahətdə olanda da həmin sahə ilə nəfəs aldığını, yaşadığını fürsət düşdükcə nümayiş etdirməkdə maraqlı olmalıdır. Bu həmin şəxsə daha çox başucalığı gətirər. Konkret olaraq, müxtəlif mülahizələrlə mətbuatdan yayınan həmin personalara haqq qazandırmıram. Hətta görürsünüz ki, ölkənin başçısı, cənab prezident belə məzuniyyətdə, istirahətdə olanda təcili bir tələb olduqda ölkəyə iş başına qayıdır və fəaliyyətini davam etdirir, yəni öz peşə borcunun icrasına qayıdır. Ona görə ictimai-siyasi xadimlər, dövlət məmurları, deputatlar heç bir halda özlərini medianın diqqətindən kənarda qoymamalıdırlar”.

Modern.az saytının müxbiri Namidə Bingöl mətbuatın yay fəslində əsas probleminin müsahibin tapılmaması olduğunu qeyd etdi: “Adətən yay tətilində mətbuatın mövzu qıtlığı problemi yaranır. Bir çox jurnalistlər yay gələndə mətbuatda boşluq yaranacağını düşünürlər. Tam olaraq heç də belə hesab etmirəm. O səbəbdən ki, əvvəlki illərə baxanda hazırkı durum fərqlidir. Müasir texnologiyanın bizə "köməkçi" təyin etdiyi facebook, whatsApp sayəsində gündəm mövzular yaranır. Heç birimizə sirr deyil ki, bir mövzu mətbuat səhifələrində günlərlə tirajlana bilir. Ona görə də əsas problem mövzunun olmaması yox, müsahibin tapılması məsələsidir. Yay tətili olduğundan deputatlar, nazirliyin mətbuat xidməti rəhbərləri, ekspertlər işlərinin başında olmur. Bu zaman telefon əlaqəsi da yaratmaq müşkül məsələyə çevrilir.
Telefonlarımızı açsalar belə, "məzuniyyətdəyəm, danışa bilmirəm" deyib dəstəyi asırlar. Bu zaman bizə çətinlik yaratmış olurlar. Mövzuya cavabdeh şəxslər susanda işimiz ürəyimizcə olmur. Aidiyyatı şəxslərin mətbuatla əlaqələri kəsməsini qəbul edə bilmirəm. Əgər ölkədə dəhşətli bir hadisə baş veribsə, bir deputatın biganə qalması, istirahətinə davam etməsi yaxşı hal deyil. Başa düşürəm ki, istirahət etmək haqqına sahibdirlər. Amma xalqın seçimi sayəsində posta yiyələniblərsə, ölkədəki iqtisadi, siyasi proseslərə "eşitmirəm", görmürəm" prizmasından yanaşmamalıdırlar. Onlar istirahət etdiyi müddətdə insanların əksəriyyəti televiziya izləyir, xəbər oxuyur. İstirahət müddətində bunları nəzərə alsalar, yaxşı olar”.

“Cümhuriyyət” qəzeti və cəbhə.infonun əməkdaşı Alçina Amilqızı üzləşdikləri çətinliklərdən söz açdı: “İstər dövlət qurumlarının, istərsə də, deputatların mətbuatla əlaqələrini əsasən yay mövsümündə kəsmələri doğru deyil. Media nümayəndələri yay mövsümündə bu sarıdan əziyyət çəkirlər. Təbii ki, onların da məzuniyyətə çıxmaq, istirahət etmək haqqı var. Amma istirahətdə olsalar belə ən azı ölkə daxilində gündəmdə baş verənlərdən məlumatlı olmalıdırlar. Çünki ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında onların baş verənlərə münasibəti, reaksiyası böyük rol oynayır. Bəzən hadisələrə mövqe bildirmək üçün əlaqə saxlayanda da “məzuniyyətdəyəm” deyib, məsələdən yan keçənlər də az deyil. Ümumilikdə götürəndə ölkənin aparıcı dövlət qurumları əlaqələrini mətbuatla daha çox şəxsi münasibətlər üzərindən qurur. Bu isə media nümayəndələri tərəfindən heç də birmənalı qarşılanmır”.










