Bakıda piyada keçidində “butulka təpəsi”- FOTOLAR

Bakıda Neftçilər prospektində “Formula 1” yarışları ərəfəsində quraşdırılan yerüstü piyada keçidi natəmizlik içərisindədir.
Keçidin içərisi sanki zibilxananı xatırladır. Belə ki, keçidin divarlarındakı boşluqlara su butulkaları, müxtəlif qidaların kağızları doldurulub. Döşəməsinə isə atılan butulkalardan artıq "təpə" yaranıb.
Lakin buna baxmayaraq, müvafiq qurumlar buranın təmizliyinə diqqət etmirlər. Hər gün onlarla turistin də istifadə etdiyi bu piyada keçidində yaranan “butulka təpəsi” getdikcə böyüyür.
Keçidin yaxınlığında zibil qabı olsa da, insanlar əllərindəki su butulkasını məhz keçidin içərisinə atırlar. Nəticədə isə təmizlənmədiyindən piyada keçidində vəziyyət günbəgün daha da acınacaqlı hal alır.
Elə biz orada olduğumuz zaman da bir vətəndaşın içdiyi kofenin qabını keçidə atdığını müşahidə etdik. Nə üçün belə etdiyini soruşduğumuzda isə bildirdi ki, bura yaxın zamanda söküləcək: "Qalıcı keçid olsaydı, içərisini təmiz saxlayardılar. Şəhərin mərkəzində belə natəmiz keçid varsa, deməli söküləcək", deyib, getdi.
Digər vətəndaşlarla söhbətimiz zamanı onlar iddia etdilər ki, buranı pis vəziyyətə ərəblər qoyub: "Ərəblər "Park Bulvar"da mağazaların qabağına belə yedikləri yeməyin kağızını, içdikləri suyun qabını atırlar. Sadəcə olaraq ora vaxtı-vaxtında təmizləndiyi üçün bu vəziyyətdə deyil. Təmizləməsələr "Tarqovi"nin özü buradan pis olar. Bəs keçid nə üçün təmizlənmir?
Ərazidə təmizlik aparanlardan öyrəndik ki, bir hissəsi bulvar ərazisinə düşən keçidin təmizliyinə, "Formula-1" oyunları zamanı Dənizkənarı Bulvar İdarəsinin əməkdaşları və Bakı Şəhər İcra Hakimiyyəti baxıb. Lakin yarışma qurtardıqdan sonra, hər iki qurum keçidi nəzarətsiz buraxıb. Bulvar idarəsinin təmizliyə baxan əməkdaşı da bildirdi ki, keçidi müvəqqəti olaraq quraşdırmışdılar. Lakin oyunlar qurtardıqdan sonra sökmədilər.
Məsələ ilə bağlı münasibət almaq üçün Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə zəng etsək də, zənglərimizə cavab verən olmadı.









