5 yaşlı Zeynəb quduz itlərin qurbanı oldu, sahibsiz itlər problemi yada düşdü...
Sumqayıtda iyulun 31-də it dişləyən 5 yaşlı Zeynəb Mikayılzadə ötən gün quduzluqdan dünyasını dəyişib. Azyaşlının quduzluqdan öldüyünü Səhiyyə Nazirliyi də təsdiqləyib. Azyaşlıya Sumqayıt şəhər Travmatologiya Xəstəxanasında 2 dəfə vaksin vurulub. 4 gün xəstəxanada qalsa da, sonra evə aparılıb. Lakin yenidən vəziyyəti gərginləşən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Bu quduzluq vaxtı vaksinlərin kömək etmədiyi nadir hallardan hesab olunur. İt uşağın üz və alın nahiyəsindən dişlədiyindən virusun inkubasiya dövrü çox qısa olub və bu da ölümü qaçılmaz edib.
Son vaxtlar sahibsiz itlərlə bağlı həm Sumqayıt, həm də Bakı sakinləri arasında böyük narazılıq var. Təkcə iyulun 31-də Sumqayıtın 10 və 11-ci mikrorayon ərazilərində 10 nəfəri it dişəyib. Sumqayıt şəhər səhiyyə şöbəsinin müdiri Nəriman Baxşəliyevin sözlərinə görə, hər ay 4-5 nəfər it parçalaması ilə xəstəxanaya gətirilir.
Bu il 6500 nəfər heyvanların hücumuna məruz qalıb
Bu fakt ilin əvvəlindən bu günə kimi quduzluqdan yeganə ölüm halı olsa da, küçə itlərinin hücumuna məruz qalanların sayı-hesabı yoxdur. Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsindən verilən açıqlamaya görə, ötən il ölkə üzrə 17 min insanı heyvan dişləyib. Onların arasında it dişləmələri üstünlük təşkil edir - 90%. Otən il it dişləməsi nəticəsində 3 nəfər quduzluq xəstəliyinə yoluxub və dünyasını dəyişib. Bu ilin 6 ayı ərzində isə 6500 heyvan dişləməsi qeydə alınıb və onların arasında it dişləmələri əsas yer tutur.

Sahibsiz heyvanların sürü ilə gəzməsi və sakinlərə hücumu ilə bağlı Binəqədi rayonu, xüsusən də, 6, 7 və 9-cu mikrorayonlar ərazisində, Rəsulzadə qəsəbəsində, Hovsan qəsəbəsində, Nizami rayonu 8-ci km bazarının yaxınlığında, Xətai rayonu M.Hadi küçəsinin, Qaradağ rayonu “Qurd Qapısı” qəbiristanlığının yaxınlığında yaşayan sakinlər tərəfindən redaksiyamıza xeyli şikayət daxil olub. Həmçinin Bakıətrafı Ramana, Balaxanı, Zabrat, Suraxanı, Köhnə və Yeni Günəşli qəsəbələri, habelə Babək prospekti (“Maşın bazarı” tərəf), Keşlə qəsəbəsi sahibsiz itlərin oylağına çevrilib.
Sahibsiz itlərə natəmiz ərazilərdə, zibil yeşiklərinin həndəvərində, ət kəsimi ilə məşğul olan mərkəzlərin yaxınlığında sürü ilə rast gəlmək olar. Xüsusən də, sallaqxanalarda kəsilən heyvanların qanı küçəyə axıdıldığından, içalatı yola töküldüyündən, bu heyvanlar həmin ərazilərin yaxınlığında dolanırlar.
Sakinlər deyirlər ki, itlər o qədər çoxalıb ki, əvvəllər qaranlıqda, xəlvət yerlərdə insanlara hücum edirdilərsə, indi hətta parklarda belə uşaqları gözdən qoymaq mümkün olmur: “Parkda hər kolun dibində bir quduz it yatıb. Uşağı gözdən qoymaq mümkün deyil. Yaşadığımız blokun qabağında itlər dəstə ilə keşik çəkirlər. Gecəyarısı başlayırlar hürməyə və bu səhər açılana qədər davam edir”, - deyə sakinlər bildirirlər.
Bakıda sahibsiz itlərin çoxalması və heyvanlara hücumu sosial şəbəkələrdə də geniş müzakirə olunur. Məktəblərdə dərslərin başlamasına az qaldığından, alaqaranlıqda dərsə uşaq yollayan valideynlər daha çox narahatlıq keçirirlər. Məktəblərin ətrafında sürü ilə dolaşan sahibsiz itlər potensial təhlükə mənbəyidir. İtləri güllələmək Azərbaycanın da qoşulduğu müvafiq Avropa Konvensiyasına zidd olduğundan, yeganə üsul bu heyvanların vaksinasiyası və sterilizasiyasıdır. İstənilən halda, it insandan dəyərli deyil və insanın it dişləməsindən ölməsi böyük faciə olmaqla yanaşı, həm də aidiyyəti orqanlar üçün siqnaldır.

İDEA: 1000-dən çox heyvan klinikamızda müalicə alıb
Sahibsiz heyvanların vaksinasiyası və sterilizasiyası ilə həm də IDEA İctimai Birliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda Sahibsiz Heyvanlara qayğı Mərkəzi məşğul olur.
İDEA heyvanlara qayğı mərkəzi artıq bir neçə ildir ki, bu işi öz üzərinə götürüb. Təşkilat Bakı və Bakıətrafı ərazilərdə heyvanların vaksinasiyası, qısırlaşdırılması ilə məşğuldur. Mərkəzin direktoru Surxay Şükürov virtualaz.org-a açıqlamasında quduz heyvan dişləməsi faktları ilə bağlı təəssüf keçirdiyini bildirdi:
“Biz bu heyvanların hamısını sığınacağa yerləşdirə bilmirik, çünki heyvanların sayı çoxdur. Bütün dünyada özünü doğruldan sterilizasiya üsulundan istifadə edirik. 1000-dən çox heyvan bizim klinikamızdan keçib. Hazırda klinikada yüzlərlə heyvan müalicə olunur. Biz küçə heyvanlarını, o cümlədən itləri müalicə edirik və həmin müddətdə bizdə qalırlar. Sumqayıtdakı quduzluqdan ölən uşaqla bağlı xəbərdən çox məyus olduq. Təəssüf ki, heyvanlar arasında quduzluq hallarına rast gəlinir. Belə halların qarşısını almaq üçün həm də itlərə quduzluğa qarşı vaksinlər vuruq. Biz bu prosesə başlamışıq, amma bu bir günün işi deyil”.
S.Şükürov deyir ki, belə halların azalması üçün mərkəz sahibsiz heyvanları himayəyə verilməsini populyarlaşdırmaq lazımdır.

“İlin sonuna kimi bütün sahibsiz itlər zərərsizləşdiriləcək”
Bir çox xarici ölkələrdə sahibsiz heyvanların xəstəlik mənbəyi olmamaları üçün bələdiyyələr cavabdehlik daşıyır. Elə onların küçələrdən yığılmasına da bələdiyyələr nəzarət edir. Xarici ölkələrin təcrübəsində sahibsiz heyvanlar xüsusi sığınacaqlara verilir. Bu sığınacaqlarda onlara sahib çıxan tapılana qədər saxlanılır. Azərbaycanda isə bu işlə əslində Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi məşğul olur.
Bakı Şəhər İcra Hakimiyyətinin Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsinin sahə rəisi Ərəstun Əmiraslanov bildirib ki, bu ilin sonuna kimi Bakıda bütün sahibsiz itlər tam zərərsizləşdiriləcək. Hazırda bu istiqamətdə işlər görüldüyünü deyən sahə rəisinin sğzlərinə görə, insanlar yenə də ətrafda sahibsiz itlərə rast gələ biləcəklər, lakin onlar rəqəmlənmiş, sterilizasiya edilmiş, peyvəndlənmiş və insan həyatı üçün tam təhlükəsiz olacaqlar.
Ə.Əmiraslanov bildirib ki, idarə tərəfindən ay ərzində təxminən 700-800 sahibsiz it götürülərək yoxlanılır və bu məsələdə İDEA İctimai Birliyi yaxından köməklik edir. O qeyd edib ki, sahibsiz itlərin saxlanması, yoxlanılması üçün xüsusi sığınacaqlar mövcuddur və bu gün həmin sığınacaqlarda 600-700 it var: “Sahibsiz itlərlə bağlı idarə, təşkilat, vətəndaşlar telefon və ya yazılı şəkildə idarəyə müraciət edə bilər. Xüsusi ərizə və şikayətlər əsasında ünvanlara gedilir. Hazırda 3 xüsusi təyinatlı maşın və 9 ovçu bu işlə məşğuldur. İtlər xüsusi ləvazimatlar vasitəsilə götürülür, heç bir işgəncə verilmədən - döyülmədən, öldürülmədən xüsusi sahibsiz heyvanlara qarşı mübarizə sahəsində olan əraziyə gətirilir, baytar həkimlər tərəfindən müayinə edilir. Əgər itlərdə insanlar üçün təhlükəli xəstəlik, quduzlaşma aşkar edilərsə, onlar məhv edilərək yandırılır. Sağlam itlər isə tərəfimizdən və heyvansevərlərin gətirdiyi yeməklərlə yemlənir, sulanır və saxlanılır. Bundan əlavə, idarə tərəfindən itlərin çoxalmasının qarşısı alınır. İtlər axtalanaraq sterilizasiya edilir ki, yenidən döl artıra bilməsin. Sonradan isə onlar rəqəmlənərək şəhərə buraxılır. Yalnız müraciət daxil olduğu halda itlər ərazilərdən götürülərək müayinə, müalicə edilir. Amma şəhərdə əgər maşın Səməd Vurğun küçəsinə gedirsə, Bakıxanovda sahibsiz it olarsa, o da götürülür. Hər bir vətəndaş sahibsiz heyvanların, itlərin götürülməsi ilə bağlı günün 24 saatı ərzində 5650926/27 nömrəsi ilə əlaqə saxlaya bilər”.

Sahə rəisi qeyd edib ki, Bakıda sahibsiz itlər ən çox şəhərin giriş hissəsində olur. Onun sözlərinə görə, idarəyə Bayıl, Səbail, Mərdəkan, Xırdalan, Biləcəri ərazisindən daha çox müraciət daxil olur: “İDEA təşkilatı tərəfindən sahibsiz itlərin yoxlanılması üçün Ukraynadan baytar həkimlər dəvət edilib. Bu gün bizdə 1 baytar olduğuna görə işlər sürətli getmir. Lakin Ukraynadan dəvət olunan 2 baytar həkim gəldikdən sonra işlər bir az da sürətlənəcək”.
“Əgər gecikmə baş versə, iynələr kömək etmir...”
Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılovanın sözlərinə görə, heyvan dişləməsi zamanı elə həmin gün mütləq həkimə getmək lazımdır: “Əgər gecikmə baş versə, o zaman iynələr kömək etmir. Yəni, dişləmə faktı zamanı sxem üzrə müalicə təyin olunur və bu həmin gün iynə vurulmalıdır. Əgər bu sxem pozularsa, insanlar vaxtında həkimə getməyib bundan imtina edərsə, onda heyvan dişləməsi mütləq ölümlə nəticələnir”.

Xatırladaq ki, quduzluq xəstəliyinin törədicisi xüsusi viruslardır. İnfeksiya mənbəyi həm ev (it, pişik, iri və xirdabuynuzlular), həm də vəhşi heyvanlardır (tülkü,canavar və sair). Heyvanlar xəstəliyin başlanmasına 3-10 gün qalmış (həm də bütün xəstə olduqları dövr) yoluxucu olurlar. Virus insana xəstə heyvanın seliyi vasitəsilə keçir və əsasən sinir sistemini zədələyir.
Xəstəliyin gizli dövrü 10 gündən 3 aya qədər uzana bilər. Əgər zədə başda, üzdə, yuxarı ətraflarda olarsa, gizli dövr qısalır. Baş və üz dişlənərsə, xəstəlik çox ağır keçir və ölümlə nəticələnir. Xəstəliyin ilkin dövründə yara nahiyəsində ağrı, qaşınma hissi olur. Hərarət 37,2-37,5 dərəcəyə qalxır, halızlıq, baş və əzələ ağrıları, ürəkbulanma, qusma, qorxu, həyəcan, depressiya müşahidə olunur. Xəstəliyin ikinci dövründə sudan qorxma, psixomotor oyanıqlıq (ətrafa qarşı aqressivlik, fiziki güc tətbiqi, əlinə keçən əşyaları vurub sındırmaq), udlaq və qırtlaq əzələlərinda spazm, tənəffüsün çətinləşməsi, güclü selik ifrazı müşahidə edilir. Xəstəliyin üçüncü dövründə hərarət 40-42 dərəcəyə yüksəlir, tənəffüs mərkəzinin iflici nəticəsində xəstə ölür.










