«Yalan danışan» monitorlar
Mais Ağayev: “Sistemin yenilənməsi istiqamətində işlər aparılır”
Bakıda nəqliyyatın intellektual idarəetməsinə keçildikdən sonra avtobus dayanacaqları da dəyişdirildi. Həmçinin dayanacaqlara xüsusi monitorlar da quraşdırıldı ki, bunların da funksiyası sərnişinlərin rahatlığını təmin etmək idi. Belə ki, plana görə sərnişinlər həmin monitorlar vasitəsilə marşrutların getdiyi yol, onların gəlmə vaxtları ilə bağlı geniş məlumat əldə edə biləcəkdilər. Bunun üçün yüz minlərlə manat vəsait xərcləndi, sistem quruldu, lakin görülən işlər nəticəsiz qaldı. Çünki monitorlar bir müddət sonra işləmədi.
Hazırda da vəziyyət heç də qənaətbəxş deyil. Şəhərin bəzi yerlərində bu monitorlar kənardan işlək vəziyyətdəymiş kimi görünsələr də, sərnişinlər narazılıq edirlər. Xüsusilə də gecə saatlarında sərnişinlər işləyən monitorların əlindən zara gəlirlər. Sərnişinlər bildirirlər ki, işləməyən monitorlar, işləyənlərdən daha faydalıdır. Çünki qeyri-işlək monitorlar onları aldatmır:

“Ən azından bilirik ki, işləmir və yazılan rəqəmlərə baxıb aldanmırıq. Şəhərin mərkəzi küçələrində bəzi monitorlarda avtobusların gəlmə vaxtı göstərilir. Ancaq digər funksiyalar bərbad vəziyyətdədir. Bəzən monitorun üzərindəki düyməni basırıq, heç vaxtı da göstərmir və sönür. Məlumdur ki, gecə saat 12-dən sonra bir çox marşrutlar fəaliyyət göstərmirlər. Ancaq monitorlara gəlin baxın və görəcəksiniz ki, orada hələ də avtobusun gəlmə vaxtı göstərilir”, deyə sərnişinlər bildirirlər.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, əslində turistlərin Bakıya axın etdiyi yay fəslində bu monitorların işləməməsi böyük nöqsandır:
“Turist gəlir, monitora baxır ki, müvafiq ünvanına getsin. Ancaq görür ki, monitor işləmir. Bu isə ölkənin ictimai nəqliyyat sektoru barəsində çox mənfi rəy formalaşdırır. Ancaq halbuki ölkənin ictimai nəqliyyat sektoruna nəzər salsaq, görürük ki, son zamanlar müsbətə doğru xeyli dəyişikliklər var. Təəssüflər olsun ki, bu cür lokal narazılıqlar ümumi inkişafı da görməyə imkan vermir. İctimai nəqliyyatdan istifadə edən zaman dəfələrlə görürəm ki, sakinlər harasa gedəndə çaş-baş qalırlar. Şəxsən mənim özümdən dəfələrlə ünvan soruşublar. Bu onu göstərir ki, şəhərə gələn qonaqlar və eləcədə sakinlərin özləri bu informasiyanı əldə etmək imkanından məhrumdurlar. Hər kəs ”141"-ə zəng edə bilmir axı. Ona görə də monitorlar olduqca vacib bir alətdir. Təəssüf ki, onlar işləmirlər. İstərdim ki, monitorlar nəyinki, avtobusların gəlmə vaxtını göstərsinlər, onlar daha intellektual olsunlar. Yəni həmin monitorlara informasiya ötürüb, cavab almaq mümkün olsun. Hələ 10 il öncə Londonda bu kimi monitorlardan istifadə edib, şəhərin müxtəlif yerlərinə hansı avtobusların gedəcəyini öyrənə bilirdim. Bakıda da bu cür olmalıdır".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu barədə işlər aparılır:
“Bildiyiniz kimi, monitorlar bizdən öncə quraşdırılıb və quraşdırılan zaman da yaradılan sistemlərdə böyük problemlər olub. Ona görə də monitorlar bu gün işləmir. Hazırda paytaxt ərazisində 1200 dayanacaqdan 600-ündə monitor var. Onlardan da 400-dən çoxu sistemə inteqrasiya olunub. Sistem - qeyd etdiyim kimi - problemli qurulub. İndi isə sistemin yenilənməsi müəyyən vaxt aparır. Biz hazırda bu istiqamətdə çalışırıq. Çətin proses olsa da agentlik tərəfindən bu istiqamətdə iş aparılır ki, dövlətin çəkdiyi xərclər nəticəsiz qalmasın və camaatımız rahat şəkildə bu sistemdən istifadə edə bilsinlər”.










