Aclıq edən ömürlük məhbus Akif Nağıya zəng edib: “Səsi zorla çıxırdı”

QAT sədri: “Aksiyanı ölümə qədər davam etdirəcəyini dedi”
İyunun 1-dən Qobustan həbsxanasında aclıq aksiyasına başlayan Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölgəsi üzrə sabiq komandiri, Qarabağ müharibəsi əlili, 21 ildir məhbus həyatı yaşayan Elçin Əmiraslanov ölüm ayağındadır. 7 gündür, ölüm aclığı keçirən məhbusla maraqlanan yoxdur. Aidiyyatı qurumlar isə onun aksiyasına susqun mövqe sərgiləyirlər.
İyunun 7-də E.Əmiraslanov Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağıya zəng edərək, səhhətinin daha da pisləşdiyini, həyatının son günlərini yaşadığını bildirib.
Bu barədə danışan A.Nağı aidiyyatı qurumları məsələ ilə bağlı mövqe bildirməyə çağırdı: “Elçin 7 gündür, aclıq aksiyası keçirir. Heç bir reaksiya yoxdur. Özü mənə zəng etmişdi, vəziyyətinin ağır olduğunu söylədi. Biz də bu məsələni ictimailəşdirmək istədik. Ona həbsxanada baş çəkilsə, vəziyyətinin necə təhlükəli həddə çatdığının hər kəs şahidi olar. Təsadüfi deyil ki, mənimlə telefon danışığında səsi zorla çıxırdı, görürdüm ki, danışmağa çətinlik çəkir. Aclığa başlayandan sonra öz otağını təkadamlıq ediblər, yəni yanındakı məhbusu başqa yerə köçürüblər. Dedi ki, tez-tez rəis gəlib aclığı dayandırmağımı tələb edir, təzyiqlərin olduğunu da söylədi. İsrarla aksiyanı dayandırmayacağını, aksiyanı ölümə qədər davam etdirəcəyini dedi”.
Qeyd edək ki, E.Əmiraslanov Hepatit C-dən əziyyət çəkir. Həbsdə olduğu müddət ərzində hər il müalicə alan “OMON”-çu məhbusa bu il müalicə olunmağa icazə verilmir. Nəticədə buna etiraz edən məhbus çıxış yolunu ölüm aclığına başlamaqda görüb.
Xatırladaq ki, hazırda həbsxanada üç “OMON”-çü qalıb. Onlar haqqında bəhs etdiyimiz E.Əmiraslanov, Səfa Poladov və Arif Kazımovdur. Onlar barəsindəki ömürlük cəzanın müddətli həbslə əvəz olunması ilə bağlı indiyə qədər edilən çoxsaylı müraciətlər nəticəsiz qalıb. Hər üç “OMON”-çunun özlərinin və yaxınlarının da əfv üçün dəfələrlə müraciətləri bəhrə verməyib.