Masallı prokurorluğu sünnət zamanı ölən uşaqla bağlı məlumat yaydı

Masallıda azyaşlı uşağın sünnət olunan zaman dünyasını dəyişməsi ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Masallı rayon Prokurorluğundan məlumat verilib. Məlumatda aşağıdakılar qeyd olunub: “Mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla müəyyən edilib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov qeyd edilən tarixdə saat 14 radələrində yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqaüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib. O, rayon mərkəzi xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib”.
Məlumatda həmçinin bildirilib ki, K. Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib və hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.