“İş adamı məsuliyyətdən yayınmaq üçün özünü xəstəliyə vurub”

Aslan İsmayılov: “Mürvət Həsənli ağır diaqnozla Respublika Diaqnostika Mərkəzində gizlənir”
Məşhur hüquqşünas Aslan İsmayılov “Xəmsə” şadlıq sarayı və bir sıra başqa biznes obyektlərinin sahibi, türk iş adamını aldatdığı, ona olan 1 milyon manatdan çox borcunu vermədiyi üçün məsuliyyətə cəlb olunan Mürvət Həsənlinin özünü xəstəliyə vurması haqda status yazıb.
A.İsmayılov özünün facebook profilində qeyd edib ki, M.Həsənli məsuliyyətdən yaxa qurtarmaq üçün ən ağır diaqnoz almaq niyyəti ilə xəstəxanaya düşüb.
Statusun bir hissəsini təqdim edirik: “Bugünlərdə Türkiyə vətəndaşlarına qarşı etdikləri dələduzluqlara, şantaja, hədə-qorxulara görə məsuliyyətə çağırılan ”Xəmsə" restoranının sahibi, “mafiya babası” Mürvət Həsənli də ifşa olunacağını görən kimi məsuliyyətdən yayınmaq üçün ən ağır diaqnozla Respublika Diaqnostika Mərkəzində gizlənir. Guya ən ağır ürək xəstəliyindən əzab çəkən, təcili cərrahi əməliyyata ehtiyacı olan M.Həsənli elə həmin tibb müəssisəsində ola-ola sağa-sola müsahibələr verir, guya iş başında olduğunu, mənim yalan məlumatı paylaşdığımı deyir, məni təhqir etməyə davam edir... Bir daha onlara deyirəm, mənim qorxacaq yerim yoxdur, sizin kimi çirkabın içində deyiləm və səbrim də tükənməz deyil. Daha yaxşı olar ki, siz yumurta, cücə biznesi ilə deyil, öz vəzifənizi icra edin, bərbad vəziyyətdə olan səhiyyə və ondan geri qalmayan ədliyyə ilə məşğul olun".
Qeyd edək ki, A.İsmayılov M.Həsənlinin vaxtilə şəriki olan “Emre Piliç” şirkətinin sahiblərindən biri Ömür Oralın nümayəndəsidir. “Emre Piliç” şirkəti M.Həsənlinin vasitəçiliyi ilə “Siyəzən Broyler” ASC-yə damazlıq yumurta satıb, həmin yumurtaların pulları isə “Siyəzən Broyler” ASC tərəfindən uzun illər Ömür Oralın Azərbaycandakı nümayəndəsi olan “Xəmsə-M” MMC-nin rəhbəri Mürvət Həsənliyə verilib. “Siyəzən Broyler” ASC tərəfindən 3,8 milyon ABŞ dolları M.Həsənliyə verilsə də, sonuncu “Emre Piliç” şirkətinə bu puldan cəmi 2,1 milyon ABŞ dollarını ödəyib, yerdə qalan 1,7 milyon dollarını isə verməyib. Ö.Orala bildirib ki, “Siyəzən Broyler” ASC bu pulları ödəməkdən imtina edir. “Emre Piliç” şirkətinin rəhbəri Ömür Oral bu pulları tələb etmək üçün Azərbaycana gələcəyini və lazımi instansiyalara şikayət edəcəyini bildirdikdə, M. Həsənli cavabında bildirib ki, “Siyəzən Broyler” ASC yüksək hakimiyyət dairələrinə məxsus olduğundan, bu şirkətə qarşı hər hansı addım atıla bilməz. Ö.Oral belə səhv etsə, dərhal həbs ediləcək. Beləliklə də M.Həsənli Ö.Oralın Azərbaycana gəlişinin qarşısını almağa çalışıb. Ö.Oral deyib ki, bu yolla M.Həsənli “Emre Piliç” şirkətinə çatası təxminən 1,7 milyon ABŞ dollarını qanunsuz şəkildə ələ keçirib. O, Azərbaycana gələndən sonra isə onun özünü təhdid etməyə, oğlunu öldürtdürəcəyi ilə hədələməyə başlayıb. Bir neçə gün əvvəl hədələnmə ilə bağlı M.Həsənli Daxili İşlər Nazirliyi (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb, dindirilərək sərbəst buraxılmışdı. Bundan sonra iş adamının xəstəxanaya müraciət etməsi suallar doğurub.