Jurnalist Rasim Əliyevin öldürülməsindən iki il ötdü
“Hər gün nömrəsini yığıram...”
Avqustun 9-da mərhum jurnalist Rasim Əliyevin ölümündən iki il ötdü. Bununla bağlı onun ailə üzvləri, həmkarları və ölkənin tanınmış siyasətçiləri mərhumun uyuduğu Mehdiabad qəsəbəsinin Məmmədli qəbiristanlığındakı məzarını ziyarət ediblər.
Oğlunun vəfatının iki illiyi ilə bağlı danışan Teyfurə Əliyeva göz yaşlarına hakim ola bilmədi: “Düzələ bilmirəm. Məndən gedən getdi. Bizi yad edənlər, Rasimi unutmayanların hamısı sağ olsunlar. Oğlumu unutmurlar, daim yada salırlar. Hər kəsə təşəkkür edirəm. Rasimin ölümünün ikinci ilində də onu unutmadılar. Açığı, gözləmirdik ki, ziyarət təşkil olunar. Gələnlərin hər birinə ayrı-ayrılıqda minnətdaram. Həftənin iki günü Rasimin məzarı üstündəyəm. Son iki ili necə keçirdiyimi ifadə edə bilmirəm. Allah heç kimə bu faciəni yaşatmasın. Övlad itkisi çox ağırdır. Elə bilirəm ki, dünən baş verib. Rasimi hər an gözləyirəm. Sanki bu dəqiqə qayıdacaq. Mənə çox ağırdır. Rasimin ölümü ilə yanaşı qatillərinə verilən cəza da bizə ağır təsir edir. Qətlin başında duranın azadlıqda gəzməyi də mənə çox ağırdır. Telekanallara baxa bilmirəm ki, birdən adını çəkərlər. İstəmirəm ki, kimsə onun adını çəksin. Kim istəyər ki, oğlunun qatili azadlıqda gəzsin. Bizə qarşı edilən haqsızlıqlarla bağlı bir ilə yaxın o yer qalmadı ki, müraciət etməyək. Heç bir nəticəsi olmadı. Qatil isə bir il iki aydan sonra azad olundu. Nə üçün belə etdiklərini anlaya bilmədim. Artıq əlimizi hər yerdən üzmüşük, çünki müraciətlərin heç bir nəticə verməyəcəyini qəbul etmişik”.
Mərhumun anası oğlunun yoxluğunu hər an hər yerdə hiss etdiyini bildirdi: “Bala itkisinin nə demək olduğunu bunu yaşayanlar bilirlər. Hər an Rasimin yoxluğu görünür. Birdən elə düşünürəm ki, Rasim bu dəqiqə qapını açıb içəri girəcək. Axşam gəlir, elə bilirəm ki, işdən gələcək. Hər gün Rasimin nömrəsini yığıram, sonra gün ərzində ağlayıram. Şkafı açıb hər gün onun paltarlarına baxıram. Günlər keçsə də, Rasimin yoxluğu ilə barışa bilmirəm. Ana olaraq, o qədər istəyirəm ki, həyat iki il əvvəl Rasim yaşadığı günə qayıtsın. Bu ölüm Rasimə yaraşmırdı. Mən onun toyuna hazırlaşırdım. Gəlin gətirmək istəyirdim, amma indi oğlumun məzarına qırmızı lent bağlayıram. Atası da eyni ilə mənim kimi bu acını yaşayır. Atası heç saqqalını belə qırxmır. Mənim də qara yaylıq başımda, qara paltarım əynimdədir”.
Qeyd edək ki, R.Əliyev iki il öncə bir qrup şəxs tərəfindən vəhşicəsinə döyülmüş, bir gün sonra aldığı xəsarətlər nəticəsində daxili qanaxmadan həyatını itirmişdi. Onun ölümündə təqsirli bilinən futbolçu Cavid Hüseynov ötən ilin oktyabrında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 4 ildən 1 il 2 aya endirilmiş və o məhkəmə zalından azadlığa buraxılmışdı. Mərhum jurnalistin döyülməsində birbaşa iştirak edən C.Hüseynovun bibisi oğlu Elşən İsmayılov başda olmaqla digər dörd nəfərə 9 ildən 13 ilə qədər həbs cəzaları kəsilib.










