6 günlük körpənin qatili nənəsi imiş: “Qız nəvə istəmirdim...”
Ölkədə bir həftədə uşaqlara qarşı iki qan donduran cinayətin səbəbləri; hüquq müdafiəçiləri həyəcan təbili çalır, çıxış yolu göstərirlər...
Lənkəranda 6 günlük körpənin bədəninə iynələr sancıldıqdan sonra quyuya atılması hadisəsinin ardınca, Naxçıvanda 4 yaşlı qızın 23 yaşlı gənc tərəfindən zorlanması xəbəri yayılıb. Öncə qeyd edək ki, artıq Lənkəranda baş verən hadisəni kimin törətməsi məlum olub.
Belə ki, hadisə baş verdikdən dərhal sonra ictimaiyyətdə körpənin atasına qarşı şübhələr formalaşsa da, qətli törədənin nənəsi Atifə Nurullayeva olduğu üzə çıxıb. İstintaqa ifadəsində o, nəvəsini öldürərək quyuya atdığını etiraf edib. A. Nurullayeva istintaqa ifadəsində körpənin yatan yerdə bədəninə iynələr yeritdiyini deyib. O, etdiyi cinayətin səbəbini də açıqlayıb. Bildirib ki, ailənin ikinci övladı da qız olub və o, qız deyil, oğlan nəvəsi istəyib. “Buna görə qızı öldürdüm” - qadın ifadəsində bildirib. A.Nurullayeva öldürülən körpənin nənəsi olmaqla yanaşı, həmçinin körpənin anasının xalası olub.
Naxçıvanda isə insanlığa sığmayan başqa bir hadisəni törədən 1994-cü il təvəllüdlü Ələsgər Məmmədovun cəzasını ilk olaraq elə kənd camaatı verib. Belə ki, hadisə barədə sosial şəbəkələrdə yayılan məlumata görə, hərbi xidmətdən yeni dönmüş Ə. Məmmədov Culfa rayonunda toy məclisində iştirak edib. O, sərxoş olduqdan sonra 4 yaşlı qız uşağına təcavüz edib. Sözügedən şəxs uşağı nənəsinin yanına aparmaq adı ilə məclisdən uzaqlaşdırıb. Daha sonra onu yaxınlıqdakı dəmir yolunun kənarına aparıb, bir neçə dəfə zorlayıb. Yaxınlıqdan keçən şəxs uşağın çığırtısını eşidib və həmin şəxsi yaxalayıb. Azyaşlının ötən gün Culfadakı xəstəxanada vəfat etdiyi deyilir. Əhali tərəfindən ələ keçirilən şəxsin əlləri və ayaqları yandırılıb. Cinsiyyət orqanı kəsilib. Daha sonra polis onu insanların əlindən alaraq həbs edib.
Hər iki hadisəyə münasibət bildirən hüquq müdafiəçiləri SOS təbili çaldılar.

Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu bildirdi ki, bu cür şəxslərə ölüm cəzası verilməlidir: “Uşaqlara qarşı bu cür amansızlıqlar törədən şəxslərə qarşı Cinayət Məcəlləsində ayrıca bir maddə olmalıdır. Onlar yandırılmalı, öldürülməlidir. Bu qədər namussuzluq Azərbaycanda heç zaman olmayıb. Haradan gəlmişik, hara gediriksə bilmirik. Elə Lənkəranda uşağı quyuya atan nənəyə də ölüm cəzası verilməlidir”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qəzetimizə açıqlamasında bu cür hadisələrin baş verməsində valideynlərin də günahkar olduğunu bildirdi:
“Cinayət hadisələri ilə bağlı xeyli sayda yazışmalar, təhqirlər, tənqidlər olur. Yaxşı, bu gün uşağı zorlayan adamı yandırdıq, öldürdük, orqanını kəsdik, nənəyə ömürlük cəza verdik, bəs valideyn məsuliyyəti hara getdi? Uşaq niyə nəzarətdən kənarda qalmalıdır ki, hansısa cinayətkarların qurbanına çevrilsin? Nə üçün bu cür hadisələrdə valideyn məsuliyyətini önə çəkmirik? Niyə görə demirik ki, gəlin, uşaqlarımızı qoruyaq? Qohuma da etibar etmək olmaz. Bəyəm azmı faktlar var ki, uşaqların etimadından sui-istifadə edən yaxın qohumlar onlara təcavüz ediblər? Ona görə də biz ilk növbədə valideyn məsuliyyətindən danışmalıyıq. Valideyn məsuliyyəti ilə bağlı cəzalar da sərtləşdirilməlidir. Hadisə baş verdikdən sonra biz başlayırıq nələrisə müzakirə etməyə. Bu gün 6 günlük körpənin ürəyinə iynə batıran nənədən çox, ananın məsuliyyətini də ortaya qoymaq lazımdır. Axı ana hiss edirdi ki, uşağa qarşı hansısa zorakılıq tətbiq oluna bilər. Bu ailədəki uşaq arzu olunmazdırsa, nə üçün hadisəni valideyn öncədən qabaqlamamalı idi? Bütün bu kimi hadisələrin qarşısını almaq üçün ilk növbədə qanunvercilikdə ciddi dəyişikliklər olmalıdır. Ailə Məcəlləsi daha da sərtləşdirilməlidir. Cinayət Məcəlləsində də bununla bağlı ağır maddələr qoyulmalı, həbs cəzaları tətbiq olunmalıdır. Bəlkə bu valideynlər ondan sonra uşaqlarının qədrini bilsinlər. Bizim sığınacaqda nə qədər uşaq var ki, onların 90 faizi zorakılıq qurbanıdır. Mənim əlimdə səlahiyyətim, sərt qanun olaydı, onların heç birini valideynlərinə verməzdim. Bu uşaqlar dövlətin himayəsində olsalar, daha yaxşı böyüyər, yetişərlər. Ancaq biz çox humanistik. Bu gün hansı valideyn zorakılıq faktına görə cəza alıb, valideyn hüququndan məhrum edilib? Belə bir fakt yoxdur. Çünki qanunlar sərtləşdirilməyib. Bir hadisə olan zaman hamı durur müzakirə edir, təcavüzü pisləyir, bir gün ağlayır və məsələ bitir. Uşağın sonrakı taleyini isə heç kim düşünmür ki, bu uşaqla reabilitasiya aparılmalıdır. Pedofiliya ilə bağlı qanunlar sərtləşdirilməli və zorakılığa məruz qalmış uşaqlar üçün alternativ mərkəzlər davamlı şəkildə fəaliyyət göstərməlidir. Həssas ailələrin siyahısı hazırlanmalı və media da bu cür olaylarla bağlı ”şok, şok" başlıqlı xəbərlər deyil, maarifləndirici məqalələr hazırlamalıdır. Çıxış yolu bax budur".
![]()
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı hesab edir ki, ilk növbədə uşaqların məktəbdən yayınmasının qarşısı alınmalıdır: “Bu gün məktəbdə təhsil alan uşaq sabahın valideynidir. Ona görə də hər şey, təlim-tərbiyə oradan başlamalıdır. İnsanın formalaşması məktəbin, ailənin boynundadır. İctimaiyyətin, ətrafdakı insanların bu proseslərə çox böyük təsiri var. Əgər hər hansısa bir ailə qapalı yaşayırsa, ətraf diqqətli olmalıdır ki, onlar nə üçün belədir və burada nə baş verir. Bunların hamısının diqqətdən kənarda saxlanması sonda ağır nəticələrə səbəb olur. Qanunda dəyişikliyə gəlincə deyim ki, bu cür əməllə həbs olunan insanlara həbsxanada çox pis davranılır. Yəni qanundakı dəyişikliklər bu problemlərin həlli demək deyil. Belə problemlərin həlli məhz cəmiyyətin özündən, ictimaiyyətdən asılıdır”.










