Sürücü Fatma Talıbova DYP əməkdaşını hədələyir: "Bilirsən kimin gəliniyəm? Paqonlarını sökdürəcəm"
Bakıda qayda pozduğuna görə yol polisi tərəfindən cərimə olunan sürücü xanım onu cərimə edən polislə bağlı sosial şəbəkədə video paylaşaraq onu nalayiq hərəkətlər etməkdə ittiham edirdi. Videoda 99 P 048 dövlət nömrə nişanlı motosikletdə xidmət aparan polis əməkdaşının ona “padxod” etdiyi iddia edilirdi.
Artıq qayda pozan sürücünün kimliyi məlum olub. Avtosfer.az Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən hadisənin görüntülərini əldə edib. Məlum olub ki, “Jeep Vrangler” markalı, 90 GG 044 dövlət nömrə nişanlı avtomobili idarə edən Fatma Talıbova avqustun 1-də, saat 15:40 radələrində Teymur Elçin və Lermantov küçələrinin kəsişməsində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə yol polisi əməkdaşı, çavuş Fərid Mustafazadə tərəfindən saxlanılıb. Lakin o, saxla işarəsinə tabe olmayaraq hərəkətə davam edib.
Sonra Mehdi Hüseyn küçəsində (“Alov qüllələri”nin yanı) digər avtomobillər yolu kəsdikdən sonra onu saxlamaq mümkün olub. Videokadrlardan aydın olub ki, qadın sürücü yol polisi əməkdaşına hədə-qorxu gəlir. Avtomobili saxlayan kimi özünü Daxili İşlər Nazirliyinin 102 xidmətinin əməkdaşı kimi təqdim edən sürücü xanım polisin “saxla” işarəsi zamanı əlini çiyninə qoyaraq “mən də paqonam” deyir. Lakin saxlanılan zaman bunun əksinə olaraq formada olmadığını bildirərək bundan imtina edir: “Sən bilmirsən mən kimin gəliniyəm, sənin paqonlarını sökdürəcəm! Sən korsan, görmürsən kəmər taxmışam” deyərək onun paqonlarına əl atır.
Bundan sonra polis əməkdaşı qadın sürücüyə protokol tərtib edir. “Saxla” işarəsinə tabe olmadığı üçün xanım sürücü 80 manat və 4 balla cəzalandırılıb.
Hadisədən sonra məlum olub ki, qaydaları vecinə almayan sürücü qadın yol polisi əməkdaşı olan tanışını çavuş F. Mustafazadə ilə danışıqlara da göndəribmiş. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirib.
“Həmin şəxs yol polisinə təklif edib ki, siz öz görüntülərinizi silin və məsələ bağlansın. Fərid Mustafazadə isə etiraz edərək bildirib ki, artıq görüntülər idarəyə təqdim olunub və müvafiq tədbirlər görüləcək. Yalnız bundan sonra həmin xanım sürücü çəkdiyi videonu sosial şəbəkələrdə yayaraq yol polisi əməkdaşına böhtan atıb. Araşdırmamız zamanı məlum olub ki, həmin qadın yol polisinə iftira atıb. Biz həmin vaxtı əməkdaşımızda olan mikrofon vasitəsilə qadının səsinə qulaq asmışıq. Məlum olub ki, bu qadın nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini istifadə etmədən idarə edib. Buna görə də motosikletlə xidmət aparan DYP əməkdaşı ona saxla əmrini verib. Səs yazılarından görünür ki, həmin qadın polisə hədə-qorxu gəlir. Polis isə vəzifə borcunu yerinə yetirərək protokol tərtib edib. Ondan qisas almaq istəyən qadın isə bu cür əməl törədib. Əlimizdə səs yazıları və video görüntülər var”, - deyə V. Əsədov bildirib.
Araşdırma zamanı o da ortaya çıxıb ki, həmin sürücü 2012-ci ilin iyulunda sürücülük vəsiqəsi alıb. 2013-cü ildə 6 dəfə, 2014-cü ildə 31 dəfə, 2015-ci ildə 12 dəfə, 2016-cı ildə 47 dəfə, 2017-ci ildə avqustun 1-dək 11 dəfə inzibati məsuliyyətə cəlb edilib. 2015-ci ildə cərimələri vaxtında ödəmədəyi üçün onun sürücülük hüququq 6 ay müddətinə məhdudlaşdırılıb. Bu il yazılan cərimələrə görə artıq Fatma Talıbovanın 14 cərimə balı var idi. Avqustun 1-də yazılan cəriməyə görə daha 4 bal əlavə olunub.
İdarədən o da bildirilib ki, F.Talıbovanı böhtan, yalan olduğunu bilə-bilə YPX əməkdaşının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları kütləvi informasiya vasitəsində yaydığına görə qanunvericiliyin tələblərinə uyğun qaydada məsuliyyətə cəlb olunması üçün iş məhkəməyə göndəriləcək.










