Lənkəranda 6 günlük körpənin öldürülməsi olayı böyüyür
Mirvari Qəhrəmanlı: “Bu məsələdə QHT-ləri suçlayanlar doğru düşünmürlər”
Fazil Mustafa: “Bu, sadəcə, insanlığa yaraşmayan, valideyn olmağa haqqı çatmayan insanların davranışı kimi xarakterizə olunmalıdır”
Lənkəranda 6 günlük körpənin quyuya atılaraq öldürülməsi olayı ölkə ictimaiyyətinin hiddətinə səbəb olub. Hadisə ilə bağlı xeyli sayda suallar var. Qətlin necə və kim tərəfindən törədilməsi hələ də məlum deyil. İstintaq aparılsa da, hüquqi şərtlərə əsaslanaraq, hələ ki müvafiq orqanlar ictimaiyyətə geniş məlumat vermirlər. Ölkə ictimaiyyəti isə baş verən hadisəni tənqidlə qarşılayır. Sosial şəbəkələrdə hər kəs 6 günlük körpəyə qarşı edilən bu əməli pisləyir və qətli törədənə ən ağır cəzanın verilməli olduğunu bildirirlər.
Lakin maraqlı hal bundan ibarətdir ki, hadisənin baş verməsindən artq 2 gün vaxt keçməsinə baxmayaraq, heç bir hüquq müdafiəçisi, bilavasitə uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olan QHT-lərin rəhbərləri Lənkərana yollanmayıblar. Onlar da sıravi vətəndaşlar kimi sosial şəbəkələrdə fikirlər bildirirlər.
Yuxarıda da qeyd etdiyimiz kimi, hadisənin kim tərəfindən törədilməsi hələ ki məlum deyil. Lakin körpəni öldürənin qohumlardan biri olduğuna şübhə edilmir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində aparılan ekspertiza zamanı ölən körpənin bədənində qıyıq (iri iynə, yorğan iynəsi) və sancaq dəlikləri müşahidə olunub. Bu faktor da müəyyən məsələlərlə bağlı şübhələr yaradır. Məlum olduğu kimi, hadisə baş verənin səhəri günü ictimaiyyətdə qeyri-rəsmi olaraq belə bir informasiya dolaşırdı ki, hadisəni körpənin atası törədib. Səbəb kimi isə körpənin ailədə ikinci qız övladı olması əsas gətirilirdi və bildirilir ki, guya ata qız övladı istəmədiyi üçün belə bir əmələ əl atıb. Jurnalist Fərəh Sabirqızı sosial şəbəkə vasitəsilə fərqli fikir ortaya qoyub. O bildirib ki, ittiham etməyə heç də tələsmək lazım deyil. Jurnalist qısa şəkildə qeyd edib ki, quru faktlara baxanda, uşağın öldürülməsində sekta simvollarına oxşayan məqamlar var: “Məndə belə təəssürat yarandı ki, atası, sadəcə, uşaqdan qurtulmaq istəsəydi, o cür xüsusi formada öldürməzdi...”

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, sosial şəbəkələrdə QHT-ləri günahlandıranlar doğru düşünmürlər:
“Əvvəla onu deyim ki, hazırda hər kəs sosial şəbəkələrdə hadisəyə görə atanı qınasa da, rəsmi orqanlarda bu barədə məlumat yoxdur. Bəs yaxşı, kim sübut edib ki, uşağı ata öldürüb? Hər kəs sanki müstəntiqdir və rəy verir. Uşağın anadan olduğu xəstəxanada baş verənlər də aydınlaşdırılmalıdır. Bütün bu situasiyanı bilmədən hansısa konkret fikir söyləmək olmaz. Qız uşağı məsələsinin qabardılması da boş söhbətdir. Övlad övladdır. Evdə ata və qayınana qız uşağı olmasına deyinə bilər, ancaq əksər hallarda ata qız uşağını daha çox istəyir. Söhbət ondan ibarətdir ki, məsələnin xəstəxana qismi araşdırılmayıb. Bəlkə elə anaya süni formada vaxtından əvvəl doğuş həyata keçirdiblər.
Əgər belədirsə, həmin an uşaq zədələnə də bilər. Yəni bütün bu detallar araşdırılmalı, həkimin rəyi alınmalıdır. QHT-lərə gəlincə isə baxıram ki, bəzi şəxslər qərəzli münasibət bildirirlər. Yazırlar ki, qrant alan QHT-lər haradadırlar. Bəyəm QHT və ya qrant qalıb? Bu adamlar əraziyə gedib nə etməlidirlər? Araşdırma aparmalıdır? Həkimdirlər, ya kim? QHT rəsmi orqan deyil və sadəcə olaraq, vətəndaş cəmiyyətidir. Bəli, mən bu sahə ilə əlaqədar olmasa da, başqa sahə ilə bağlı qrant alıram və reytinq edirəm. Novella xanım da treninq keçirir. QHT Lənkəranda həmin qadının evinə gedib nə deməlidir axı? Bundan ötrü müvafiq dövlət qurumları var ki, onlar da ortaya rəy çıxarmalıdırlar. İstintaq orqanları işləməli, məhkəmə olmalıdır. Məhkəmə düz aparılmasa, bu işə baxılmasa, QHT-lər rəy verə bilərlər. Azərbaycan ərazisində son zamanlar hər gün ailə münaqişəsi zəminində hadisələr baş verir. QHT-lər bu işlərin müzakirəsi ilə məşğul olmur. Onlar hüquqi yardım edib, araşdırmalar, monitorinqlər aparırlar. QHT-nin nə səlahiyyəti var ki, gedib 6 günlük uşağın ölümünü araşdırsınlar? Ona görə də bu məsələdə QHT-lərin adını hallandırmaq, ”qrant alan QHT-lər" deyib suçlamaq doğru deyil. Məsələn, mən getdim həmin yerə. Ailə deyəcək ki, sən kimsən bura gəlmisən. Sosial şəbəkədə aparılan müzakirələr artıq əndazəni aşıb. Yuxarıda da qeyd etdiyim kimi, uşağın harada doğulması da əsas məsələdir. Bu məqamı müvafiq orqanlar dəqiq araşdırmalıdırlar. Burada müəmmalı məqamlar var".

Deputat Fazil Mustafa bildirib ki, hadisəyə cinayət işi kimi baxılmalıdır: “Ciddi araşdırma aparılmalıdır. Konkret olaraq kiminsə suçlanması hazırkı məqamda doğru deyil. Burada motivin nə olmasından asılı olmayaraq hər hansı bir uşağın tələf edilməsi ağır cinayətlərdən biridir və bunu törədən də ciddi məsuliyyət daşıyır. Əgər motiv qız uşağının istənməməsidirsə, bu, daha ağır cinayətlərdən biridir. Bunun adı, sadəcə, insanlığa yaraşmayan, valideyn olmağa haqqı çatmayan insanların davranışı kimi xarakterizə olunmalıdır. Çünki zaman göstərir ki, bir çox hallarda valideynə sahib çıxan, onun qürur mənbəyi elə qız uşağı olur. Təbii ki, övladın cinsi, onun keyfiyyəti mənasına gəlmir. Ona görə də Azərbaycan cəmiyyətinin artıq bu xəstəlikdən qurtulmasına ehtiyac var. Güman etmirəm ki, Lənkəranda hansısa bir sekta yönündə bu cür addımlar atılsın. Çünki orada belə bir sektanın varlığı barədə bilgilər yoxdur. Çox güman ki, qız uşağı məsələsi daha çox önə çəkilir. Bir çox atalar, babalar qız uşağını istəmirlər ki, bu da nadanlıqdan, cahillikdən irəli gəlir. İnsanlar hələ də anlamırlar ki, Allahın verdiyi bir nemətdən imtina etmək olmaz. Yenə deyirəm ki, indidən kiminsə suçlanması doğru deyil. Çünki bu, sonradan kiminsə haqqında girmək kimi ola bilər. QHT-lərin əraziyə getməsinə gəlincə isə hesab edirəm ki, ixtisaslı kadrlar olarsa, bu sahə ilə məşğul olub, hansısa layihə gerçəkləşdirirlərsə, onlar gedə bilərlər. Lakin burada məcburiyyət yoxdur. Məsələni araşdırmaq birbaşa olaraq hüquq-mühafizə orqanlarının borcudur”.










