Nazirlik İdmançıların pul mükafatlarını mənimsəyibmiş
Artıq “Excelsior” otelin qarşısında təxminən 30-a yaxın güləşçi etiraza başlayıb.
Aksiyaçılar arasında Azərbaycanı dünya arenasında təmsil edən idmaçılarımız var. Onların əsas iddiası budur ki, güclü və əzmli olmaq üçün onlara yaradılan şərait heç ürəkaçan deyil. 12 aydır maaş almadıqlarını bildirirlər: “Yemək verilmir, həkimlər, masajistlər yoxdur.”
Dünya Çempionatına qatılmaq üçün hər bir idmançı xərcini özü qarşılayır. Maddi imkanı olmayan isə gedə bilmir.
***
Güləşçilərimiz Dünya çempionatını boykot edəcəklər
Azərbaycan hökuməti Rio olimpiadasında qalib gələn idmançılara pul mükafatı verəcəyini vəd etmişdi. Söhbət babat məbləğdən gedirdi. Olimpiadaya yola düşən idmançıları İlham Əliyev qəbul etmişdi, Azərbaycanın saz bir idman ölkəsi olduğu barədə uzun çıxış etmişdi və qaliblərə yüksək pul mükafatı da verəcəyini elan etmişdi. Sonra Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvü Rəsul ÇUNAYEV çıxış edərək demişdi:
– …əldə etdiyimiz uğurlarımıza, idmançılara hər zaman göstərdiyiniz dəstəyə, diqqət və qayğıya görə Sizə Azərbaycan idmançıları, olimpiyaçıları və paralimpiyaçıları adından dərin təşəkkürümü bildirirəm. Bu gün haqlı olaraq xalqımız, dövlətimiz bizdən XXXI Yay Olimpiya Oyunlarında uğurlar gözləyir. Ona görə də biz bu Oyunlarda ən yüksək nailiyyətləri hədəf götürmüşük. İcazə verin, bütün idmançılar adından Olimpiya andını səsləndirim:
Biz, XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək idmançılar ölkəmizin idman şərəfini ləyaqətlə qoruyacağımıza and içirik! İdmançılar təkrar etmişdilər: And içirik! Bu mötəbər yarışlarda əzmlə mübarizə aparacağımıza, xalqımızın etimadını doğruldacağımıza, ölkəmizin adını uca tutacağımıza and içirik!
İdmançılar təkrar etmişdilər: And içirik!»… İndi məlum olur ki, İdmançılara söz verilən mükafat elə söz olaraq oralarda qalıb. Bir ay sonra isə Dünya Çempionatı başlanır. Sərbəst güləş və Yunan-Roma güləşi üzrə idmançılarımız isə Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə hazırlaşır.










