Məmur özbaşınalığının səbəbi nədir?

İlham Əliyev yenə məmur özbaşınalığından danışıb. Məmur özbaşınalığının səbəbi nədir? sualı ilə Milli Şuranın Kiordinasiya Mərkəzinin üzvü Namizəd Səfərova müraciət etdik. Hüquqşünas baş verənləri belə dəyərləndirir:
“Məmur hakimiyyətin təmsilçisidir. Məmur özbaşınalığının səbəbi hakimiyyətin özünün tam halda özbaşınalığı və dərəbəyliyinin nəticəsidir. Heç kim kor deyil. Ölkədə baş verənləri, törədilən özbaşınalıqları bizim-sizin, bütün əhalinin gördüyü kimi, məmurlar da çox gözəl görürlər. Onlar yuxarıların törətdiklərini sadəcə təkrarlayırlar. Hamıya yaxşı bəllidir ki, Azərbaycanda satılmaya və alınmayan vəzifə yoxdur.
Bütün vəzifələr, hətta deputat mandatları belə satılır və alınır. Vəzifələri satanlar da məlumdur, o vəzifəyə rüşvət verib sahib olanlar da. Əgər vəzifə, ələ keçirilən post pulla əldə edilibsə, niyə bu vəzifənin yarada biləcəyi imkanlardan istifadə olunmasın.Əks halda pul verib vəzifəyə yiyələnmək öz mahiyyətini,əhəmiyyətini itirər. Vəzifənin yaratdığı imkanlardan sui-istifadə olunması üçün o vəzifəyə, o kresloya pul ödənilir. Bundan sonra baş verənlər və məmurun törətdiyi özbaşınalıqlar vəzifəyə təyin olunarkən ödənilmiş haqqın məntiqi nəticəsi kimi meydana çıxır.
Nəticədə həm məmur özü, həm ailə üzvüləri, həm də yaxın qohum-əqrəbası bu vəzifənin yaratdığı imkanlardan geninə-boluna bəhrələnməyə girişir və nə qanundan nə də ictimai qınaqdan qorxub, çəkinmirlər. Axı şəhərin mərkəzində ucaldılmış villaları gizləmək də mümkün deyil. Məmur uşağının idarə etdiyi yüz min dollar qiyməti olan bahalı maşınları necə gizlədə bilərlər”.
Namizəd Səfərov hesab edir ki, məmur özbaşınalığının cəzasız qalması, digərlərinin də cinayətə, pis vərdişlərə meyillənmələrinə şərait yaradır:
“Digər tərəfdən, törədilən məmur özbaşınalıqlarını heç kimin gizlətməyə cəhd etmədiyini görənlər, bu cinayətkar sıraya qoşulur, hətta bir-biri ilə bəhsə də girirlər. Kimin malikanəsi daha möhtəşəm ola bilər, kimin uşağı daha bahalı maşınlar idarə edir. Kim cəmiyyətə daha saymazyana meydan oxuyur. Oğurladığı pullarla şəhərin mərkəzində özünə villa ucaltmış, hamının gözü qarşısında vəzifə öhdəlikləri ilə deyil, açıq bizneslə məşğul olan məmurdan oğlunun avtoşluq etməsinə görə sorğu tələb etmək məntiqsizlikdir”.