12 İyul 2017 09:46 152 Şərh yaz Baş Prokurorluqdan general oğlu barədə açıqlama - RƏSMİ

2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirən sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
E.Sultanovun sözlərinə görə, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olunub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunan xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib.
Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
R.Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə cinayəti törətməkdə təqsiri olan digər şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Rüstəm Orucov dünən Prezident İlham Əliyevin işdən çıxardığı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucovun oğludur.