Britaniya polisi: London məscidi yaxınlığındakı hücum terror aktı ola bilər

London məscidi yaxınlığında piyadalara hücumun terror aktı ola biləcəyi istisna edilmir.
Böyük Britaniyanın daxili işlər naziri Amber Radd bu versiyanı Sky News telekanalına müsahibəsində səsləndirib. “İnsident lap başlanğıcdan mümkün terror aktı kimi təhqiq olunmağa başlayıb. Biz polisə bütün faktları nəzərdən keçirmək imkanı yaratmalıyıq. Biz insidentin terror aktı olduğunu ehtimal edirik”, - deyə nazir telekanala müsahibəsində bildirib.
Bir qədər əvvəl Baş nazir Tereza Mey də polisin insidenti mümkün terror aktı kimi araşdırdığı barədə məlumat vermişdi.
Xatırladaq ki, iyunun 19-na keçən gecə Londonun şimalında sürücü avtomobili məsciddən qayıdan insanların üzərinə sürüb. Hücum nəticəsində 1 nəfər həlak olub, 10 nəfər yaralanıb. Xəsarət alanların 8-i xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar 48 yaşlı kişi saxlanılıb.