ATV-nin redaktoru Qafqaz Universiteti ilə bağlı süjetə görə işdən çıxarıldı

“Son günlər sosial şəbəkələrdə Qafqaz Universitetinin tələbələrindən bir neçə nəfərin “ATV Xəbər”də yayınlanan süjetdə fikirlərinin təhrif edilməsi və nəticədə yanlış şəkildə çatdırılmasına dair yayılan iddiaları ciddi şəkildə araşdırdıq. Araşdırmamız nəticəsində doğrudan da belə bir halın olduğunu aşkarladıq”.
Bu haqda ATV Teleradio Şirkətinin rəsmi açıqlamasında deyilir.
Məlumata görə, yanlış və təhrif edilmiş informasiyanın istehsalı, yayılması prinsipial olaraq qəbuledilməz hesab edildiyi üçün uyğun tədbirlər görülüb.
ATV ictimaiyyətə bəyan edir ki, sözügedən süjetin hazırlanmasında və efirə getməsində birbaşa məsuliyyət daşıyan redaktor barəsində tədbir görülüb: “Belə ki, növbətçi redaktora şiddətli töhmət verilib və son xəbərdarlıq edilib. Redaktor Jalə Əsgərova isə məsuliyyətsizliyi nəticəsində buraxdığı məlum nöqsana görə işdən azad edilib”.