Nizami rayonunda polis əməliyyatı: mənzildə axtarış, bir nəfər saxlanıldı
Bakı şəhərinin Nizami rayonunda keçirilən polis əməliyyatı nəticəsində bir nəfər saxlanılıb, onun yaşadığı ünvanda axtarış aparılıb.
Hadisə 30 avqust 2025-ci il tarixində saat 15:30 radələrində baş verib. Azərbaycan vətəndaşı Tağıyev Fəqan Famil oğlunun yaşadığı mənzilə daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əməliyyat həyata keçiriblər. Ümumilikdə 8 nəfərin iştirak etdiyi əməliyyatda 5 nəfər mülki geyimdə, 3 nəfər isə polis formasında olub. Əməkdaşlar özlərini Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları kimi təqdim edərək, Tağıyevin bacısı Tağıyeva Gülər Famil qızının axtarışda olduğunu bildiriblər.
Əməliyyat çərçivəsində mənzildə axtarış aparılıb. Axtarış zamanı müxtəlif sənədlər, notbuk və kitablar götürülüb. Daha sonra Tağıyev Fəqan Famil oğlu polis əməkdaşları tərəfindən Nizami Rayon Polis İdarəsinə aparılıb.
Polis idarəsində saxlanılan şəxs bir neçə saat ərzində dindirilib. Dindirilmə zamanı əsas diqqət onun bacısının yerinin müəyyənləşdirilməsinə yönəlib. Tağıyev isə bu barədə məlumatının olmadığını bildirib.
Məlumata görə, o, polis idarəsində bir sutkadan artıq saxlanıldıqdan sonra 31 avqust 2025-ci il tarixində axşam saatlarında sərbəst buraxılıb.
Baş verən hadisə ilə bağlı hüquqi prosedurlar başladılıb və aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər göndərilib.
Icxeber.info










