Arvadı ilə qızını güllələdi, çayını içəndən sonra təslim oldu
Diyarbakır şəhərinin Bağlar rayonunda baş verən ailədaxili mübahisə faciə ilə nəticələnib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Selahattin Eyyubi məhəlləsində qeydə alınıb. İddialara görə, ailə problemləri yaşayan 72 yaşlı Z.A. evdə həyat yoldaşı K.A. və 37 yaşlı qızı H.A.-ya odlu silahla atəş açıb.
Hadisədən sonra evdən çıxan şübhəli yaxınlıqdakı çayxanaya gedərək əvvəlcə çay içib, daha sonra isə 112 Təcili Çağrı Mərkəzinə zəng edərək özünü polisə təslim edib.
Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən aparılan yoxlama zamanı 58 yaşlı K.A.-nın həyatını itirdiyi müəyyən olunub. Ağır yaralanan 37 yaşlı H.A. isə xəstəxanaya çatdırılaraq müalicə altına alınıb.
Polis əməkdaşları tərəfindən saxlanılan Z.A.-nın hazırda istintaq orqanlarında ifadəsi alınır, araşdırmalar davam etdirilir.










