"Elvin Nəzərovu öldürməyin!"
Hazırda 15 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbus Elvin Nəzərovun səhhətində ciddi problemlər yaranıb. O, şiddətli ağrılardan əziyyət çəkir.
Bu barədə keçmiş Gəncə məhbusu Elvin Nəzərovun həyat yoldaşı Şəbnəm Nəzərova məlumat verib:
"Birinci həbsində Elvinin bütün sağlamlığını məhv etdilər. Gəncə polis idarəsində Elvinə o qədər işgəncə vermişdilər hələ də özünə gələ bilmir.
Elvinin ödündə birinci həbsindən sonra polip yaranıb. İkinci həbsində də həkimlər Elvinin ödündə bir neçə polipin yarandığını və 6 aydan bir USM müayinəsindən keçməyin vacib olduğunu demişdilər.
Elvin günlərdir şiddətli ağrılardan əziyyət çəkir. Dəfələrlə Müəssisənin baş həkiminə müraciət edib və müraciəti cavabsız qalıb. Baş həkim bildiribki müəssisədə USM aparatı yoxdur və gətirilməyəcək.
Elvin müayinə üçün Pentensiar Xidmətin Müalicə Müəssisinə göndərilməlidir lakin göndərmirlər. Elvin təklif edib ki, öz hesabımıza müayinə üçün xəstəxanaya göndərilsin bunu da qəbul etməyiblər.
Yəni biz neyniyək bu insan ölməlidir? Bu insana 6 aydan bir yoxlanış vacibdir ki polipin həcmi nəzarətdə saxlanılsın. Artıq ağrılar başlayıb.
Ədliyyə Nazirliyinin və Pentensiar Xidmətin rəhbərliyinə üzümü tuturam: Elvini öldürməyin!
Elvin Nəzərovun başına gələcək hər hansı xoşa gəlməz hadisəyə görə məsuliyyət daşıyırsınız.
Niyə bir insanın həyatı ilə, sağlamlığı ilə oynayırsınız?
Niyyətiniz nədir?
15 saylı Cəzaçəkmə Müəssisəsindən Pentensiar Xidmətin Müalicə Müəssisinə digər məhbusları hansı şərtlərlə göndərirsiniz?
Deməli, Elvinidə göndərə bilərsiniz.
Pentensiar Xidmətin Müalicə Müəssisəsində "Burjuda" illərlə bəslədiyiniz keçmiş məmurlar bu dövlətə xəyanət etdikləri üçün prezident onları həbs etdirib. Prezidentin həbs etdirdiyi xain məmurlardan fərqli olaraq, mənim həyat yoldaşım Elvin Nəzərov siyasi məhbusdur, vəzifə səlahiyyətlərindən istifadə edib, dövlət büdcəsini siçovul kimi sümürdüyünə görə həbs olunan və sizin göz bəbəyiniz kimi qoruduğunuz haramyeyənlərdən deyil.
Elvin Nəzərovu öldürməyin!"
YADDAŞ
Qeyd edək ki, keçmiş Gəncə məhbusu Elvin Nəzərov ikinci siyasi məhbusluğunu yaşayır. O, 06.04 2024 tarixində ikinci dəfə şərlənərək həbs edilib. Elvin Nəzərovun ikinci həbsi Azərbaycanda şiə dindarların, kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi layihəsi çərçivəsində baş tutub.
09.01.25 tarixində Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə ona 5 il 4 ay həbs cəzası verilib.










