Siyasi fəal Zamin Məlikrzayevin ailəsinə təzyiq olundu... Həbs olunan var!
Azərbaycanda siyasi fəal kimi tanınan, Məlikrzayev Zamin ilə bağlı yeni qalmaqallı iddialar ortaya çıxıb. Bildirilir ki, fəal ölkəni tərk etdikdən sonra hüquq-mühafizə orqanları onun ailə üzvlərinə təzyiq göstərib. Məlumata görə, siyasi fəaliyyəti səbəbilə təzyiqlərlə üzləşdiyini bildirən, Məlikrzayev Zamin bir müddət əvvəl Azərbaycanı tərk edib. Bundan sonra isə onun ailəsinə qarşı addımlar atıldığı iddia olunur.
İddialara əsasən, 16 may 2025-ci il tarixində polis əməkdaşları, Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Məlikrzayev ailəsinin evinə gəlib. Polis əməkdaşlarının məhkəmə qərarı təqdim etmədən mənzilə daxil olaraq axtarış apardığı bildirilir.
Hadisədən sonra fəalın qardaşı, Məlikrzayev Ramin polis əməkdaşları tərəfindən polis idarəsinə aparılıb. Onun orada qardaşının harada olduğu ilə bağlı sorğu-sual edildiyi qeyd olunur. Eyni zamanda polis əməkdaşlarının, Məlikrzayev Zamin barəsində axtarış qərarı çıxarıldığını bildirdikləri iddia edilir.
Ailə üzvlərinin sözlərinə görə, Məlikrzayev Ramin polis idarəsində qardaşına telefonla zəng etməyə məcbur edilib. O isə qardaşının harada olduğu barədə heç bir məlumatının olmadığını və onunla əlaqəsinin olmadığını bildirib.
İddialara görə, Məlikrzayev Ramin polis idarəsində qanunsuz şəkildə təxminən bir gün saxlanılıb. Bu müddət ərzində ona normal şərait yaradılmadığı, hətta ac və susuz saxlanıldığı bildirilir. Daha sonra o, şərti olaraq sərbəst buraxılıb.
Baş verənlərlə bağlı rəsmi qurumlar hələlik hər hansı açıqlama verməyib.
Hüquq müdafiəçiləri isə bildirirlər ki, qanunvericiliyə görə məhkəmə qərarı olmadan yaşayış sahəsində axtarış aparılması və şəxsin yaxınlarına təzyiq göstərilməsi ciddi hüquq pozuntusu hesab edilə bilər. Onların sözlərinə görə, belə halların araşdırılması vacibdir.
İnsan hüquqları müdafiəçiləri hesab edir ki, siyasi fəalların ailə üzvlərinə təzyiq göstərilməsi halları cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biridir və hüquqi qiymət verilməlidir.










