Laqeydliyin Qurbanı... Dalğıc Xidmətində Susdurulan Həqiqətlər
İllərdir Azərbaycanda dalğıc sahəsində çalışan, Amil Kərimov iddia edir ki, işlədiyi qurumda ona qarşı ədalətsiz münasibət sərgilənib. O, bu səbəbdən mediaya müraciət edərək, başına gələnləri icxeber.info-nun əməkdaşılarına bildirib. Onun müsahibəsini oxuculara təqdim edirik...
Mən doqquz il dalğıc xidməti idarəsində işləmişəm.Bu illər ərzində həyatımı riskə ataraq suyun altında ağır və son dərəcə təhlükəli işlər görmüşəm. Dalğıclıq peşəsi yüksək məsuliyyət, ciddi intizam və tam təhlükəsizlik təminatı tələb edir. Təəssüf ki, çalışdığım idarədə bu prinsiplər kağız üzərində qalıb.
İllər boyu biz – dalğıclar – istifadə etdiyimiz avadanlıqların köhnə, yararsız və təhlükəli vəziyyətdə olması ilə bağlı rəhbərliyə dəfələrlə müraciət etmişik. Lazımi ləvazimatlar vaxtında dəyişdirilmir, təhlükəsizlik qaydaları açıq-aşkar pozulurdu. Bu narazılıqlarımızı rəsmi qaydada stop-kartlarda dəfələrlə qeyd etmişdik, lakin heç birinə əhəmiyyət verilmədi.
Əsas iş alətimiz olan Kirby Morgan 37 dalğıc dəbilqəsi (moneşka) köhnəlmiş, boğazlıq hissəsi isə yararsız vəziyyətdə idi. Bununla yanaşı, su altında ağır xamutların montaj və demontajı üçün istifadə olunan qaldırıcı qurğunun trosları aşınmış və təhlükəli halda saxlanılırdı. Bu barədə dəfələrlə yazılı şikayətlər edilsə də, məsul şəxslər bilərəkdən tədbir görmədilər.
19 Avqust: Ölüm Təhlükəsi ilə Üz-Üzə
19 avqust tarixində, 27 metr dərinlikdə su altında işlədiyim zaman xamutu montaj etdiyim anda qaldırıcı qurğunun troslarından biri qırıldı. Qırılan trosun təsiri ilə ağır xamut birbaşa mənə tərəf gəldi və nəticədə hava təchizatım tamamilə kəsildi. Yuxarıdan gələn bütün hava suya boşaldı.
27 metr dərinlikdə havasız qalmaq dalğıc üçün birbaşa ölüm deməkdir. Son gücümlə, həyatımla ölüm arasında qalaraq özümü suyun üzünə çatdırmağa nail oldum. Suyun üzünə çıxanda artıq son nəfəsimi almaq üzrə idim. Bu hadisə təsadüf deyildi – illərlə davam edən laqeydliyin, məsuliyyətsizliyin və təhlükəsizlik qaydalarının pozulmasının acı nəticəsi idi.
Peşə Xəstəliyinin Gizlədilməsi
Hadisədən sonra mən dalğıc peşə xəstəliyinə tutulmuşdum. Dalğıc olaraq bunun fərqində idim. Lakin idarənin həkimləri bu faktı gizlətməyə çalışaraq mənə “revmatizm ağrılarıdır” deyib məsələni ört-basdır etdilər. Çünki bu hadisənin rəsmi şəkildə tanınması idarədə mövcud olan ciddi nöqsanların və korrupsiya hallarının üzə çıxması demək idi.
Hadisə qəsdən gizlədildi, sağlamlıq vəziyyətim aylarla diqqətdən kənarda saxlanıldı. Vəziyyətimin ağırlaşdığını gördükdən sonra isə qorxuya düşərək məni borokamerada müalicə etməyə başladılar. Halbuki dalğıc xəstəliyinin əsas və effektiv müalicəsi oksigenlə aparılmalıdır.
Avadanlıq Var idi, Amma İstifadə Edilmirdi
Dalğıc stansiyasında oksigen balonları mövcud idi, lakin onları qoşmaq üçün lazımi şlanqlar yox idi. Bu avadanlıqlar yüksək rütbəli məsul şəxslər tərəfindən satılmış, əldə edilən pullar isə şəxsi maraqlara xərclənmişdi. Nəticədə mən oksigenlə deyil, hava ilə “müalicə” aldım ki, bu da lazımi effekti vermədi. Ağrılarım yalnız qismən azaldı, lakin tam keçmədi.
İllik tibbi müayinələr zamanı həkimlər xəstəliyimi rəsmi şəkildə təsdiqlədilər. Buna baxmayaraq, məsələ yenə də həllini tapmadı.
Təzyiq, Pul Tələbi və Hədələr
Bu vəziyyətlə bağlı dəfələrlə şikayət etsəm də, mənə yenidən müalicə üçün böyük məbləğdə pul tələb olundu. Şikayət edəcəyimi bildirdikdə isə açıq şəkildə,
“Get hara istəyirsən, kimə istəyirsən şikayət et” deyərək məni hədələdilər və üz döndərdilər. Çarəsiz qaldığım üçün dəfələrlə öz hesabıma oksigen klinikalarına müraciət etmiş, müalicə almışam. Bu, Təkcə Mənim deyil, Bir Sistemin Problemidir.
Bu yazıda qeyd etdiklərim təkcə mənim şəxsi faciəm deyil. Bu, insan həyatına dəyər verilməyən, təhlükəsizlik qaydalarının kağız üzərində qaldığı, şikayətlərin bilərəkdən qulaqardına vurulduğu bir sistemin acı gerçəkliyidir.
Mən bu laqeydliyin qurbanı oldum. Amma susmaq istəmirəm. Çünki bu gün mənim başıma gələn sabah başqa bir dalğıcın həyatına son qoya bilər.
Bu yazı sadəcə bir şikayət deyil.
Bu yazı – hesabatdır, ittihamdır və çağırışdır.










