ABŞ Konqresinin üzvü: Nərgiz Muxtarovaya qarşı ittihamlar Fərid Mehralızadəyə təzyiqlərin davamıdır
ABŞ Konqresinin İnsan Haqları Komissiyasının həmsədri Ceyms Makqovern prezident İlham Əliyevə məktub ünvanlayaraq jurnalist Fərid Mehralızadənin həbsi və onun həyat yoldaşı Nərgiz Muxtarovaya qarşı aparılan cinayət təqibindən narahatlığını ifadə edib.
“Azadlıq Radiosu”nun məlumatına görə, Makqovern məktubunda bildirib ki, Nərgiz Muxtarovaya qarşı irəli sürülən ittihamlar əsassızdır və bunlar Konqres tərəfindən maliyyələşdirilən müstəqil jurnalist fəaliyyətinə görə Fərid Mehralızadəyə göstərilən təzyiqlərin davamı təsiri bağışlayır.
O, Azərbaycan hökumətini Nərgiz Muxtarovaya qarşı ittihamları ləğv etməyə və Fərid Mehralızadəni azadlığa buraxmağa çağırıb.
“Bu vəziyyətin Fərid və Nərgizin azyaşlı qızına təsiri məni xüsusilə narahat edir. Uşaq atası ədalətsiz həbsdə olarkən dünyaya gəlib, indi isə anası da eyni təhlükə ilə üz-üzədir. Valideynsiz qalma ehtimalı qəbuledilməzdir”, - Makqovern qeyd edib.
Fərid Mehralızadə “AbzasMedia” işi çərçivəsində 9 il müddətinə azadlıqdan məhrum edilib.
O, qaçaqmalçılıq və iqtisadi cinayətlərdə təqsirləndirilsə də, ittihamları qəbul etmir.
Onun həyat yoldaşı Nərgiz Muxtarova isə QHT-lərlə bağlı açılmış başqa bir cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb.
Oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror Nərgiz Muxtarova ilə bağlı ittiham aktını elan edib.
N.Muxtarovaya Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), və 313-cü (vəzifə saxtakarlığı) maddələriylə ittiham verilib.
N.Muxtarova bu ittihamların heç birini qəbul etmir. O, prokurorun elan etdiyi ittihama münasibət bildirərkən deyib ki, özünü qətiyyən təqsirli bilmir.
Dekabrın 15-də keçiriləcək növbəti məhkəmə iclasında isə N.Muxtarova ifadə verəcək.
QHT işi” üzrə həbslər bu ilin martında başlayıb. B.Süleymanlıdan başqa, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay və "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov da saxlanılıb. H.Həsənov sonradan ev dustaqlığına buraxılıb.
Apreldə isə ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə də eyni ittihamla həbs edilib.
İqtisadçı Qalib Bayramov və hüquq müdafiəçisi Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.
İstintaqa 100-dən çox şəxs, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərləri cəlb olunub.
Bundan başqa, sabiq GMF məsləhətçisi Mehriban Rəhimli və digərləri barəsində həbsə alternativ qətimkan tədbiri seçilib. Ölkə xaricində olan Sübhan Həsənli və Aytac Ağazadə isə axtarışa verilib.










