Vəkil: Müdafiə etdiyim rusiyalı məhkumun vəziyyəti ağırdır, tibbi yardım göstərilmir
Bu ilin iyulunda Bakıda saxlanılan Rusiya vətəndaşlarının həbs müddəti uzadılıb.
Bu barədə saxlanılanlardan biri, Dmitri Fyodorovun vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, Səbail Rayon Məhkəməsi istintaqın təqdimatı əsasında onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha üç ay artırıb.
Vəkil Elçin Sadıqov hüquqlarını müdafiə etdiyi Fyodorov Dmitrinin səhhətinin kəskin şəkildə pisləşdiyini də bildirib.
Sadıqovun sözlərinə görə, Fyodorov Penitensiar Xidmətin Müalicə Müəssisəsində əməliyyat olunub, lakin vəziyyəti ağır olaraq qalır:
“Fyodorov Dmitriyə lazımi tibbi yardım göstərilmir, dərmanlar verilmir. Qanaxması davam edir. Bu barədə ailə üzvləri də mənə məlumat veriblər.”
Vəkil qeyd edib ki, məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət etsə də, onu qəbul etməyiblər:
“İdarəyə gedərək vəziyyətlə bağlı məlumat vermək istədim. Lakin 20 dəqiqədən artıq gözləsəm də, məni qəbul etmədilər.”
İiyulun 1-də Azərbaycanda səkkiz Rusiya vətəndaşı narkotik maddələrin tranziti, dövriyyəsi və kiberdələduzluq ittihamları ilə saxlanılmışdı. Məhkəmə həmin vaxt onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçmişdi.
Həbs olunanların saxlanılma görüntüləri dövlətə yaxın mediada yayımlanmış, onların xüsusi təyinatlı polis tərəfindən, ağır cinayətlərdə ittiham olunan dəstə kimi saxlanılması diqqət çəkmişdi. Daha sonra məhkəmə zallarından çəkilən fotolarda bəzi şəxslərin üzlərində işgəncə izləri və qan ləkələri müşahidə olunmuşdu.
Hadisə iki ölkə arasında artan diplomatik gərginlik fonunda baş verib.
Azərbaycan və Rusiya münasibətləri ötən ilin dekabrında AZAL təyyarəsinin Aktauda qəzaya uğraması və hadisənin səbəbləri ilə bağlı qarşılıqlı ittihamlarla gərginləşmişdi.
Gərginlik 2025-ci ilin iyununda Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində iki azərbaycanlının öldürülməsi ilə daha da artıb. Ardınca hər iki tərəf diplomatik nota mübadiləsi aparıb və bir sıra rəsmi səfərlər və mədəni tədbirlər ləğv olunub.










