ABŞ "Lukoil" və "Rosneft"ə sanksiyalar elan edib
ABŞ Ukraynada sülh sazişinə nail olmaq üçün Moskvaya təzyiq göstərmək məqsədilə Rusiyanın iki ən böyük neft şirkəti “Rosneft” və “Lukoil”ə qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
ABŞ-nin maliyyə naziri Skot Bessent bildirib ki, yeni sanksiyalar Rusiya prezidenti Vladimir Putinin "bu mənasız müharibəyə son qoymaqdan imtina etməsi” səbəbilə zəruri olub. Onun sözlərinə görə, bu neft şirkətləri Kremlin “hərbi maşınını maliyyələşdirir”.
“İndi qətlləri dayandırmaq və dərhal atəşkəsə nail olmaq vaxtıdır", - Bessent qeyd edib.
Oktyabrın 22-də Ağ Evdə NATO baş katibi Mark Rutte ilə birgə çıxış edən ABŞ prezidenti Donald Tramp Putini sülhə ciddi yanaşmadığına görə tənqid edib və sanksiyaların irəliləyişə nail olmağa kömək edəcəyinə ümid etdiyini bildirib.
“Mən sadəcə düşündüm ki, artıq vaxtıdır. Biz çox gözlədik", - Tramp deyib.
O, sanksiyalar paketini “nəhəng” adlandırıb və əlavə edib ki, Rusiya müharibəni dayandırmağa razılaşarsa, onların tez bir zamanda ləğv ediləcəyinə ümid edir.
Rutte də bu addımı alqışlayaraq bildirib ki, sanksiyalar Putinə “daha çox təzyiq” göstərməyə kömək edir.
Sanksiyalarla bağlı açıqlama Trampın Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşün müddətsiz təxirə salındığını deməsindən bir gün sonra verilib.
“Vladimir ilə hər dəfə danışanda söhbətlərimiz yaxşı keçir, amma nəticə vermir. Heç yerə aparmır", - Tramp deyib.
Neft və qaz Rusiyanın ən böyük ixrac məhsullarıdır. Hər iki Rusiya neft şirkəti gündəlik 3,1 milyon barel neft ixrac edir. Böyük Britaniya hökumətinin hesablamalarına görə, “Rosneft” Rusiyada hasil olunan ümumi neftin təxminən yarısına cavabdehdir ki, bu da qlobal istehsalın 6 faizini təşkil edir.
Rusiya neftinin ən böyük müştəriləri arasında Çin, Hindistan və Türkiyə yer alır. Tramp, həmçinin, bu ölkələri Kremlə iqtisadi təzyiq göstərmək məqsədilə Rusiyadan neft alışını dayandırmağa çağırıb.
Son aylarda Ukrayna da Rusiyanın neft emalı zavodlarını və enerji infrastrukturunu hədəfə alaraq onun iqtisadiyyatına zərbə vurmağa çalışır.
Ötən həftə Britaniya da bu iki şirkətə sanksiya tətbiq edib.
Avropanın da Rusiya nefti və qazından asılılığı Moskvanın Ukraynaya genişmiqyaslı hücumundan sonra əhəmiyyətli dərəcədə azalıb, lakin Rusiya qazı hələ də Avropa İttifaqının idxalının 13%-ni təşkil edir. Aİ isə bunu tamamilə dayandıracağına söz verib.
Tramp əvvəlcə bildirmişdi ki, yalnız Avropa Rusiyadan enerji alışını tam dayandırarsa, Moskva üzərinə əlavə sanksiyalar tətbiq edəcək.
Əvvəlki prezident Co Bayden dövründə isə yalnız 2024-cü ilin sonlarında cəmi 2 Rusiya şirkətinə - "Qazpromneft" və "Surqutnefteqaz"a qarşı sanksiya tətbiq olunmuşdu.










