Avropada yaşayan siyasi fəal, Abdullayev Fəridin ailəsinə təzyiq olundu...
12.08.2025-ci il tarixində, səhər saatlarında Avropada yaşayan siyasi mühacir, Abdullayev Fərid Ədalət oğlunun Abşeron rayonunda yerləşən ünvanına bir neçə polis əməkdaşları gələrək axtarış aparmışdır. Təxminən 40 dəqiqə axtarış aparıldıqdan sonra, Abdullayev Fəridin qardaşı, Abdullayev Vüsal polis əməkdaşları tərəfindən xidməti avtomobillərinə mindirilərək, Abşeron RPİ-nə aparılmışdır.
Ailə üzvlərinin mətbuata verdiyi məlumata görə, Abdullayev Vüsal polis idarəsində olarkən, ondan qardaşı, Abdullayev Fərid barədə sorğu-sual edilmiş, onunla telefon əlaqəsi saxlanması tələb edilmişdir. Lakin Abdullayev Vüsal, qardaşı, Abdullayev Fərid ilə heç bir telefon əlaqəsi olmadığnı və hal-hazırda harada olduğu barədə heç bir məlumatı olmadığını polis əməkdaşlarına bildirmişdir.
Polis idarəsində olarkən, Abdullayev Vüsalın qardaşı, Abdullayev Fəridin axtarışda olduğu barədə məlumat verilmişdir. Abşeron RPİ-nin əməkdaşları tərəfindən dindirilən, Abdullayev Vüsal polis əməkdaşları tərəfindən fiziki və psixololoji təzyiqlərə məruz qalmışdır. Təxminən 1 gün polis idarəsində saxlanıldıqdan sonra, sərbəst buraxılmışdır.
Əlavə məlumat üçün qeyd edək ki, Abdullayev Fərid Ədalət oğlu, Azərbaycan Respublikasında olarkən, öz siyasi fəaliyyətinə görə dəfələrlə polis orqanları tərəfindən təzyiqlərə və həbslərə məruz qaldığı üçün ailəsi ilə birlikdə ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Hadisə ilə bağlı Icxeber.info-nun əməkdaşları tərəfindən, Abşeron rayon polis idarəsi ilə telefon əlaqəsi saxlamasına baxmayaraq, telefon zənginə cavab verən olmamışdır.










