Azərbaycan siyasətçiləri Bakı-Vaşinqton münasibətlərinin perspektivini şərh edib

ABŞ-ın 47-ci prezidenti Donald Tramp yanvarın 20-də and içərək fəaliyyətə başlayıb.
Prezident Trampın hakimiyyəti dövründə Azərbaycan-Amerika münasibətlərində hansı perspektivlər ola bilər? Bu barədə Azərbaycanın rəsmi və müxalif siyasi baxışları arasında fərqlər var. Müxalif siyasətçilər münasibtələrdə demokratiya və insan hüquqlarının prioritet olacağını güman edir.
İlham Əliyev: Biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik
Azərbaycan Prezidenti İlham Əliyev bu il yanvarın 7-də yerli telekanallara müsahibəsində Prezident Co Bayden dövründə Azərbaycan-ABŞ münasibətlərinin gərgin durumunu qeyd edib və Donald Trampın hakimiyyəti dövründə münasibətlərin yaxşılacağını, hətta strateji tərəfdaşlığa yaxınlaşa biləcəyinə ümid etdiyini deyib.“Əgər hər iki tərəf maraqlı olsa, biz Amerika-Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik,” o, qeyd edib.
Donald Trampın öz açıqlamaları ilə aydın mesajlar göndərdiyini vurğulayan Azərbaycan prezidenti deyib ki, bu mesajların "əksəriyyətini Azərbaycan ictimaiyyəti bölüşür" və əlavə edib ki, münasibətlərin perspektivlərinə "ümidlər böyükdür".
"O cümlədən Amerika-Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq,” o əlavə edib.
Ötən il dekabrın 18-də Azərbaycan Prezidenti Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinə və RİA Novosti agentliyinə müsahibəsində də Qərbin Azərbaycana və Cənubi Qafqaz regionuna qarşı siyasətini tənqid edib.
"Onların USAID kimi kömək etmək istəyən bir qurumu var. Amma nədənsə, lazım olmayan yerdə kömək etmək istəyirlər", Əliyev bildirib.
Prezident deyib ki, Rusiya doğru olaraq öz ərazisində USAID-in fəaliyyətini qadağan edib.
Prezident Əliyev həmçinin ABŞ və Fransanı Ermənistanı silahlandırmaqda ittiham edib. Fransanın Ermənistana hücum silahları tədarük etməsinin Azərbaycan üçün təhlükə yaratdığını deyib.
"Biz dəfələrlə Ermənistanın və onun ABŞ Dövlət Departamentindəki himayədarlarının nəzərinə çatdırmışıq ki, buna son qoyulmalıdır. Lakin təəssüf ki, bizim səsimiz eşidilmir. Ermənistanın silahlanması prosesi sürətlə davam edir", o qeyd edib.
Bununla yanaşı, Əliyev Rusiyanı Azərbaycanın "etibarlı tərəfdaşı" adlandırıb.
"Rusiya və Azərbaycan iki etibarlı tərəfdaşdır", o qeyd edib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da yanvarın 16-da Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında Azərbaycan Dövlət Televiziyanın sualının cavabında bildirib ki, USAİD-in bundan sonra Azərbaycanda təmsilçiliyinin heç bir əsası yoxdur.
Bayramovun dediyinə görə, Azərbaycan 2023-cü ildə antiterror əməliyyatından sonra öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən cəzalandırılıb.
“Onların (USAID) fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib. Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdiyilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib", nazir qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin sözçüsü Erin Robertson Azərbaycan xarici işlər naziri Bayramovun Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycanda fəaliyyət göstərməsinin de-yure mümkün olmaması ilə bağlı bəyanatı barədə Amerikanın Səsinin sorğusuna cavabında bildirib ki, ABŞ Azərbaycan hökuməti ilə dialoqu davam etdirməyi səbirsizliklə gözləyir.
“USAID 1991-ci ildən Azərbaycan hökuməti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan xalqına 450 milyon dollardan çox yardım göstərmişdir”, o qeyd edib.

İlqar Məmmədov: REAL Partiyası illərdir Tramp ilə eyni mövqedən çıxış edir
Respublikaçı Alternativ (REAL) Partiyasının Siyasi Komitəsinin üzvü İlqar Məmmədov Prezident Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST), eləcə də Paris İqlim Sazişindən öz ölkəsini çıxarmasını dəstəklədiyini bildirib.“REAL Partiyası hələ 2021-ci ildə ÜST-nin insanlığa qarşı məşğul olduğunu özünün siyasət sənədində qeyd etmişdi. Saxta "karbon-iqlim" gündəminə qarşı davamlı və ən fəal çıxış edən partiya da daim Respublikaçı Alternativ olub. İndi Prezident Əliyev deyir Tramp "cəmiyyətimizin bölüşdüyü dəyərləri təbliğ edir. Ailə dəyərləri, mənəviyyat dəyərləri - bunları təbliğ edir". Məncə isə, Trampın prezidentliyinə sadəcə ailə dəyərləri nöqteyi-nəzərindən yanaşmaq yetərli deyil. Qlobal gündəmə aid məsələlərdə REAL Partiyası illərdir Tramp ilə eyni mövqedən çıxış edir, YAP (iqtidarda olan Yeni Azərbaycan Partiyası-red) isə saxta iqlimçilərin COP29 oyununu dartıb Bakıya gətirmişdi. Hələ anti-Trampçı qlobalistlərin tələbi ilə qəbul olunan, insan üzərində hədsiz rəqəmsal nəzarətə xidmət edən YAP qanunlarını demirəm", o bildirib.
Məmmədov həmçinin Trampın prezidentliyinin ilk günündə senzuranın tam qadağan edilməsi haqda sərəncam imzaladığını qeyd edib.
“Senzura qanunda olmasa da, fəaliyyətdə var idi və sosial media şirkətləri Bayden dönəmində ciddi basqı altında işləyirdi. Bizdə də senzura guya yoxdur, amma görüm bəzi qurumların fəaliyyəti haqqında fikirlərinizi sərbəst yaza bilərsinizmi? Xeyr. Prezident Əliyev Trampla eyni dəyərlərə sadiqdirsə, onda özü də faktiki mövcud olan senzuranı aradan qaldıracaq”, o, Facebook səhifəsində qeyd edib.
O yazıb ki, REAL Partiyası qlobal məsələlərdə Tramp ilə uzun müddət eyni mövqedən çıxış etsə də, ayrıca Güney Qafqaza münasibətdə Trampın siyasətinin necə olacağını hələ bilmir.
“Bircə onu deyə bilərəm ki, əgər ölkəmizə münasibətdə Tramp səhv seçimlər edərsə, bu, həm də Prezident Əliyevin daxili və xarici siyasətdə müharibədən sonra yol verdiyi yanlışların nəticəsi olacaq. Hər halda gərək birgə çalışaq ki, Vaşinqtonda regionumuza düzgün münasibət üstün gəlsin”, o belə düşünür.
