ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladılar

Yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzaladılar.
Sazişin imzalanmasından əvvəl mətbuat qarşısında çıxış edən ABŞ dövlət katibi Blinken bu sazişin iki ölkə arasındakı münasibətlərin yeni mərhələsinə yol açdığını vurğuladı.
“Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək,” - Blinken bildirdi.
ABŞ dövlət katibindən sonra çıxış edən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iki ölkə arasında münasibətlərin bu səviyyəyə çatmasında Antoni Blinkenə göstərdiyi səylərə görə təşəkkürünü ifadə etdi.
“Biz ABŞ-ın Cənubi Qafqaz regionunda davamlı və qalıcı sülhün təşviqinə verdiyi töhfəni yüksək qiymətləndiririk. İnanırıq ki, sabit və firavan bir Cənubi Qafqaz bütün regional tərəflərin və geniş beynəlxalq ictimaiyyətin maraqlarına uyğundur. Ermənistan sülh gündəminə və onun həyata keçirilməsinə sadiqdir və bu məqsədə nail olmaq üçün ABŞ ilə sıx əməkdaşlıq etməyə davam edəcək,” - Mirzoyan çıxışında qeyd etdi.
Vaşinqton və Yerevan Ermənistanda birgə hərbi təlimlər keçirir və ölkələr arasında bir neçə ticarət və investisiya sazişi imzalanıb. ABŞ, həmçinin böyük erməni diasporasının yaşadığı bir ölkədir.
Ermənistan parlamenti ötən həftə ölkənin Avropa İttifaqına qoşulmaq üçün müraciət etməsi ilə bağlı qanun layihəsini dəstəkləyib. Lakin sürətli üzvlük ehtimalı azdır.
Sazişin imzalanmasından bir neçə saat əvvəl Kreml Rusiyanın Ermənistanla yaxın münasibətlərini yüksək qiymətləndirdiyini və ABŞ-ın regionda heç vaxt sabitləşdirici rol oynamadığını bəyan edib.
Ermənistan uzun illər Rusiyanın əsas müttəfiqlərindən biri olsa da, son illərdə ölkə Qərblə daha sıx əlaqələr qurub.
“ABŞ, əlbəttə, mümkün olan hər cür yolla yeni ölkələri öz təsir dairəsinə çəkməyə çalışır,” - Kremlin sözçüsü Dmitri Peskov gündəlik brifinq zamanı jurnalistlərə bildirib.