Avropa Məhkəməsi Azərbaycanla bağlı üç yeni qərarını elan edib

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) oktyabrın 10-da Azərbaycandan göndərilmiş şikayətlər üzrə 3 yeni qərarını elan edib. Qərarlara əsasən, Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 47 min avro civarında təzminat ödəməli olacaq.
Məhkəmənin qərar çıxardığı işlərdən biri “Gəncə hadisələri” zamanı öldürülən Anar Bağırovun yaxınlarının şikayəti üzrə açılan işdir.
Anar Bağırov 2018-ci il iyulun 3-də Gəncə şəhərinin icra başçısının güllələnməsi ilə bağlı cinayət işi üzrə axtarışa verilmiş, iyulun 20-də Bakı ətrafında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən onun tutulması üçün keçirilən əməliyyat zamanı öldürülmüşdü.
İşə dair istintaq sənədlərində onun aldığı dörd güllə yarasından yalnız birinin ayaq üstə olarkən aldığı, bir güllənin isə ölümündən bir qədər sonra dəydiyi qeyd edilsə də, işə baxan müstəntiq son qərarında DTX əməkdaşlarının əməllərində cinayət tərkibinin olmadığına dair nəticə çıxarmışdı. Müstəntiqin hesabatında Bağırovun silahlı müqavimət göstərdiyinə görə öldürüldüyü qeyd edilib.
2019-cu ildə Bağırovun bacısı Aynur Bağırova qardaşının DTX əməkdaşları tərəfindən qəsdən öldürüldüyünü və müstəntiqin onun öldürülməsi ilə bağlı effektiv araşdırma aparmadığını iddia edərək Binəqədi Rayon Məhkəməsinə şikayət etmişdi. Ancaq yerli məhkəmələr onun şikayətini təmin etməmişdi.
Bağırova Avropa Məhkəməsinə qardaşının dövlət təmsilçiləri tərəfindən qəsdən öldürülməsindən və yerli hakimiyyət orqanlarının onun ölümü ilə bağlı səmərəli araşdırma aparmamasından şikayət etmişdi.
AİHM bu gün elan etdiyi qərarında ərizəçinin şikayətini təmin edib və Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 2-ci maddəsinin (Yaşamaq hüququ) pozuntusunu tanıyıb. Qərarda qeyd edilir ki, yerli hakimiyyət orqanları ərizəçinin qardaşının öldürülmə şəraiti ilə bağlı səmərəli araşdırma aparmayıblar və hökumət onun silahlı müqavimət göstərdiyi üçün öldürülməsini ağlabatan şəkildə sübut edə bilməyib.
Qərara əsasən, hökumət vəkil Cavad Cavadovun təmsil etdiyi ərizəçiyə mənəvi zərər və xərclərə görə ümumilikdə 32 min avro təzminat ödəməlidir.