Yük maşını velosiped sürən şəxsi vurdu

Tekirdağın Malkara rayonunda yük maşını təqaüdçü polkovnik Alpaslan Canbazın idarə etdiyi velosipedi arxadan vurub. Yük maşınının vurduğu velosipedin sürücüsü həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Tekirdağın Malkara rayonunda Keşandan Malkaraya gedən yük maşını təqaüdçü polkovnik Alpaslan Canbazın idarə etdiyi velosipedi arxadan vurub. Canbaz ağır yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım sövq edilib.
Təcili tibbi yardımla Keşan Dövlət Xəstəxanasına aparılan Alpaslan Canbaz bütün müdaxilələrə baxmayaraq həyatını itirib.
Canbazın meyti ekspertizaya göndərilib. Yük maşını sürücüsü isə saxlanılıb.
Keşan Təbiət, Ətraf Mühit və Mədəniyyət Dərnəyinin (DOÇEK) sədri Hakan Eşme verdiyi yazılı açıqlamada, Hərbi Hava Qüvvələri Komandanlığından polkovnik rütbəsi ilə təqaüdə çıxdıqdan sonra Keşanda məskunlaşan Alpaslan Canbazın vəfatından çox kədərləndiklərini bildirib: "Keşanda bir çox fəaliyyətimizdə çiyin-çiyinə mübarizə apardığımız, idmansevər, təbiətsevər, gözəl insan olan dostumuz Alpaslan əbədi olaraq xatirələrimizdə yaşayacaq" .