Aİ nümayəndəliyi dezinformasiyanı pisləyir, seçkilərə müdaxilə etmədiyini deyir
Seçkiləri boykot edən əsas müxalif qüvvə olan AXCP lideri Əli Kərimliyə qarşı keçmiş partiya üzvünün böhtan və təhqir iddiası ilə qaldırdığı iddianı məhkəmə qəbul etməsə də, növbəti proses gələn həftəyə qalıb. Partiya sədri heç kəsi təhqir etmədiyini deyir, AXCP bunu ölkə başçısının birbaşa sifarişi sayır.
Bu həftə hökumətyönlü media orqanının yaydığı məqalədə həm Ə.Kərimli, həm də digər müxalifət partiyası, seçkiyə qatılan Müsavat liderləri – İsa Qəmbər və Arif Hacılı hədəfə alındı.
"Qafqazinfo" saytının iddiasına görə, avqustun 12-də Avropa İttifaqının (Aİ) Bakıdakı ofisində səfir Piter Mixalko sözügedən siyasətçilərlə görüşüb, görüşə Aİ-yə daxil olan ölkələrin Azərbaycandakı səfirləri də qatılıblar. Məqalədə deyilir ki, səfir P.Mixalko müxalifəti hazırkı fəaliyyətsizliyə görə tənqid edib, Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrelin narazılığını çatdırıb. İddiaya görə, P.Mixalko müxalifətin Qərbin ayırdığı vəsaitlər qarşılığında yalnız müxalifətçiliyi imitasiya etməsindən gileylənib, seçki dövrü kütləvi tədbirlərin keçirilməsinin zəruri olduğunu deyib, müxalifəti hətta iğtişaşlardan, qarşıdurmadan çəkinməməyə çağırıb.
Məsələ bundadır ki, bu həftə adları çəkilən müxalifət liderləri həmin tarixdə həm Aİ, həm də ayrı-ayrı ölkə səfirləri ilə görüşüblər. Amma ayrı-ayrılıqda. Görüşlərdə ölkədəki irimiqyaslı repressiyaların da müzakirə olunduğu bildirilir.
Müsavat Partiyası Ali Məclisinin sədri A.Hacılı "Qafqazinfo"nun görüşdə müzakirə olunan məsələlər barədə "uydurma və böhtan" yazdığını, müxalifəti cinayət məsuliyyəti yaradan əməldə ittiham etdiyini deyərək təkzib verməyə, üzr istəməyə çağırıb. Hacılı əks halda hüquq müstəvisində tələb irəli sürüləcəyini qeyd edib.










