Vüqar Səfərlinin əmlaklarının bir hissəsi qaytarıldı
Məhkəmə onun əmlaklarından dördünün – iki bağ evinin, “AMAY” Ticarət Mərkəzində mağazayla 8 Noyabr prospektindəki bir obyektin müsadirədən azad edilməsinə qərar verib
On bir il Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV-ə) İnkişafına Dövlət Dəstəyi Fonduna rəhbərlik etmiş, 3 il yarımdır həbsdə olan Vüqar Səfərlinin müsadirə olunmuş əmlaklarının bir hissəsi ailəsinə qaytarılıb. Avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində buna qərar verilib.
V. Səfərliyə 10 il 6 ay həbs cəzası kəsilərkən, özünün və ailə üzvlərinin adına olan bir sıra əmlakların müsadirəsinə də qərar verilmişdi. Bunların arasında özünün və oğlunun adına bankda toplam 850 min manat pul, müxtəlif avtomobillər, bağ evi, Əhmədli qəsəbəsində ev, İsmayıllı rayonunun Ticran kəndində, Goradil qəsəbəsində torpaq sahələri, Bakıda – 8 Noyabr prospektində (əvvəlki Fəhlə prospektində) obyekt də vardı.
Ali Məhkəmədə işə baxılarkən, cəza hissəsi qüvvədə saxlansa da, əmlakların müsadirəsi hissəsi ləğv edilmiş, yenidən araşdırılmasından ötrü apellyasiya instansiyasına qaytarılmışdı. Elə bu üzdən, avqustun 8-də Bakı Apellyasiya Məhkəməsində V. Səfərlinin işinə yenidən baxılıb.










