Hökməlinin su, yol, işsizlik problemi: “Əjdaha kimi suyun qabağını kəsiblər”

Sakinlərin ironik münasibəti: “Məmurlar layla çalır, biz də yatırıq”
156 nömrəli avtobus çətinliklə dar yolda hərəkət edib qəsəbəyə daxil olur. Hər kəs qəsəbədaxili yolların bərbad, keçilməz olduğundan şikayətçidir.
Abşeronun Hökməli qəsəbəsinə gedən yolun giriş hissəsinə asfalt çəkilsə də, qəsəbədaxili yollarda iri çala-çuxurlar diqqət çəkir. İllərdir ki, qəsəbənin içi asfalt örtüyə həsrət qalıb.
Sakinlər Hökməli qəsəbəsinə işləyən marşrut və taksi sürücülərinin dağılmış yol səbəbindən 20 ildən artıqdır ki, əziyyət çəkdiyini deyirlər:
“Nə yolu yoldur, nə də nəqliyyat dözür. Xəstə, yaşlı qadınam. Sürücülərə, qəsəbə sakinlərinə yazığım gəlir. Yolu nəqliyyatın rahat hərəkəti üçün normal hala gətirməlidirlər. Avtobus girintili-çıxıntılı yolda hərəkət edə bilmir, tez-tez sıradan çıxır”, – deyə Nəsibə Məmmədova adlı sərnişin giley-güzar edir.
“Hər yerə deyirik, kömək edən yoxdur”
10-15 dəqiqə intervalla qəsəbəyə üz tutan 156 nömrəli avtobus sürücüsü isə nəqliyyatın belə yollarda dözmədiyini, tez-tez sürücüsünü xərcə saldığını deyir:
“Hərəkət etmək çətindir. Gərək tez-tez avtomobili təmir etdirək. İrili-xırdalı çalalar, yol kənarı qazıntılar normal gediş-gəlişə mane olur. Hər yerə deyirik, kömək edən yoxdur”.
“Su ciddi problemdir…”
Hökməlidə digər problemlər də az deyil. Burada yolla yanaşı, əsas problemlərdən biri də su ilə bağlıdır.
Qəsəbə sakini Xanbala Məmmədov deyir ki, qəsəbə əhalisi artdıqca köhnə su xəttinə müdaxilə olunur, nəticədə yay mövsümündə su verilişində ciddi fasilələr olur. Ona görə də əlacsız qalan sakinlər suyu pulla almaq məcburiyyətində qalırlar.
İmkansız və kasıb ailələr isə günlərlə içməli su belə ala bilmirlər:
“İnsanları qınamaq da olmur, yayda suya tələbat çoxdur. Bir maşın su 10 gün gedir. Elə məhəllələr var ki, orada ümumiyyətlə su yoxdur. Fərq etmir, yay-qış burada su ciddi problemdir. Anbardan su paylanılır deyə kimlərsə suyu təzə məhəllələrə çəkirlər. Onda da su çatışmazlığı yaranır”.
“Ayda 80-100 manat suya pul veririk”
Hökməli qəsəbəsi Bakının böyük yaşayış massivlərindədir və burada Koroğlu, Babək, Rəsul Rza kimi müxtəlif adlarda 200-ə yaxın küçə var. Amma diqqətdənkənar qalan qəsəbədə problemlər bitib-tükənmir. Problem o həddə çatıb ki, əkin-biçin susuzluqdan məhv olur.
Sakinlərin dediyinə görə, məmurlar da bir tərəfdən əjdaha kimi suyun qarşısını alıb öz təsərrüfatına yönəldirlər.
Qəsəbəyə yeni köçən Gülmirə Əliyeva buraya gəlişinə görə peşman olan sakinlərdəndir:
“Yeni məhəllələrdə həyat zülmdür. Çox məhəllərdə 20 ildən artıqdır ki, su yoxdur. Elə yerlər var ki, quru səhradır. Ayda suya 80-100 manat suya veririk. Biz ayda 3-4 dəfə 35 manatdan su gətirdirik. İmkanı olan alır, olmayan günlərlə su axtarır. İşləməyən 100 manatı haradan tapıb suya versin?”.
Qəsəbə sakinləri qeyd edirlər ki, işsizlik onları çörəklə sınağa çəkir:
“Gedib fəhləlilik edirik. İş var? Sosial-iqtisadi vəziyyətimiz o qədər ağırdır ki, bir tikə çörək savaşı veririk. Aşağılarda zavod var, iş üçün müraciət edirik, götürmürlər. Orada 400-500 manatlıq işə qəbul olunanlar sevinir ki, iş tapıblar. Nə ünvanlı sosial yardım, nə də xəstə uşaqlarımıza pensiya düzəldə bilirik. Məşğulluq isə burada faydalı deyil. Vermirlər, etdiyimiz müraciətlər köməksiz qalır. Qonşunu işdən çıxarıblar deyə aylarla işsizdir. Bir balaca dükanım var, xırdavat şeylər satıram. Ancaq üç ailə bu dükandan dolanır. Məmurlar layla çalır, biz yatırıq”, – deyə qəsəbə sakini Sakit Mirzəyev ümidsiz şəkildə narazılığını dilə gətirir.