Minimum maaş və pensiya artımından kimlər fayda görəcək?

Yanvarın 5-də prezident İlham Əliyev "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncamda minimum əməkhaqqı və minimum pensiyanın artırılması nəzərdə tutulur və bildirilir ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilir. Bu qəraradək ölkədə minimum əməkhaqqı 300 manat idi. Açıqlamada artımın təxminən 700 min insana təsir göstərəcəyi bildirilib. Qanunvericiliyə görə, minimum əməkhaqqı iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyənləşdirən sosial normativdir. Eyni sərəncamda minimum pensiyanın da artırılması nəzərdə tutulub. Sərəncamda qeyd edilir ki, Nazirlər Kabineti 10 gün içində minimum pensiyanın 280 manata çatdırılmasına dair təkliflərini hazırlamalıdır. Minimum pensiyanın artımı 100 minə yaxın pensiyaçıya təsir edəcək.
Ötən il Azərbaycanda inflyasiyanın yüksək olması ilə yadda qaldı. İlsonuna olan göstəricilər hələ açıqlanmasa da, ilk 11 ayda qeydə alınan rəqəm 14 faizə yaxın idi. Bu baxımdan, ehtimal ki, hökumətin minimum əməkhaqqını 15 faiz artırması məhz elə inflyasiya qədər artım məntiqinə əsaslanır.