Prezidentin qızlarının Dubayda əmlak imperiyası – yeni araşdırma
Azərbaycan prezidenti İlham Əliyevin qızları Dubayda otel kompleksinin və dəbdəbəli villaların sahibləridirlər. Bunu “The Guardian” qəzetində dərc olunmuş yeni araşdırma üzə çıxarıb.
Müəllif Juliette Garside yazır ki, Dubaydakı Cumeyra Palma süni adasında Sofitel otelində bir gecənin qiyməti 400 funt sterlinqdir. Turistləri oteldə təklif olunan xidmətlərlə yoldan çıxarmağa çalışırlar. Ancaq otel sahiblərinin adları, təbii ki, daha az reklam olunur. Bu kurortun Azərbaycan prezidenti İlham Əliyevin qızlarına məxsus olduğu görünür.
***Buna da bax: İlham Əliyevin övladlarının London mülkləri də əldən çıxa bilər [video]
Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) üzə çıxarıb ki, Sofitel-in tikildiyi ərazinin sahibi Dubayda qeydiyyatdan keçmiş Sahra FZCO adlı şirkətdir. Sahra-nın sahibləri isə Leyla və Arzu Əliyevalardır. Anonimlik şərtilə danışan mənbələr belə iddia edirlər.
SAHRA-DA 50-50-YƏ PAY
Araşdırmanı “The Guardian”, “Reuters” və “The New York Times” daxil 18 media təşkilatını birləşdirən Daphne Layihəsi aparıb. Həmin layihə ötən oktyabrda maşınına qoyulmuş bomba partlayışında həlak olmuş maltalı jurnalist Daphne Caruana Galizia-nın araşdırmalarını davam etdirmək üçün yaradılıb.










