Azərbaycanın ‘pulyuyan maşını’ndan ABŞ-a axan pullar - araşdırma

Azərbaycanın ‘pulyuyan maşını’ ilə 2012-2014-cü illərdə xaricə axan 2,9 milyard dollardan Birləşmiş Ştatlara da “pay çatıbmış”. Özəl Azərbaycan şirkəti Virciniyada bir qurumu işə cəlb edib, on ildən çox bir müddət ərzində ABŞ hökumətində lobbiçilik fəaliyyəti gerçəkləşdirilib. Bunu Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsinin – OCCRP-nin yeni araşdırması üzə çıxarıb.
“Pulyuyan maşın”ın məqsədi Azərbaycan hökumətinin siyasi gündəmini təbliğ etmək olub. Daha öncəki araşdırmalar bu pulların bir hissəsinin Avropa siyasətçilərnin bank hesablarına köçürüldüyünü ortaya qoymuşdu. Həmin siyasətçilər prezident rejimininin jurnalistləri və siyasi fəalları həbs etməsinə baxmayaraq onu tərifləyirdilər.
Bu pulun dəqiq mənbəyi bilinmir, saxta şirkətlər vasitəsilə gizlədildiyi bildirilir. Ancaq araşdırmalar həmin vəsaitin arxasında Azərbaycanın hakim elitasının durduğunu göstərib.
BİR MİLYON 600 MİN DOLLAR
Son araşdırmada isə deyilir ki, “pulyuyan maşın”ın mərkəzində duran, real sahibləri, yaxud direktorları olmayan iki saxta şirkət – Metastar Invest və Hilux Services Bakıda mənzillənən, “Renaissance Associates” adlı təşkilata bir milyon 600 min dollar köçürüb. Pul 18 dəfəyə, 2012-2014-cü illərdə köçürülüb. Bu təşkilatsa ABŞ-da lobbi şirkətini işə cəlb edərək Azərbaycanın təbliğiylə məşğul olub. Şirkətin təmsilçiləri ABŞ Konqresində xarici yardım büdcəsiylə bağlı qərar verən komitə üzvlərinə – senatorların, Nümayəndələr Palatası üzvlərinin kampaniyalarına ianələr ayırıb.
Renaissance şirkətinin Bakıda mənzillənən “biznesmenlər, pedaqoqlar və investorlar konsosiumu” olduğu, İsveçrədə ofislərinin yerləşdiyi bildirilir. Məqsədinin “Azərbaycanın 1991-ci ildə müstəqillik qazanandan bəri demokratik prinsiplərə və mülki cəmiyyətin gücləndirilməsinə sadiqliyini təbliğ etməklə Birləşmiş Ştatlardakı imicini yüksəltmək” olduğu vurğulanır.
Yusif Rəsulov