Cənab Putin, Donbasda mübahisəli “soyqırımdan” əvvəl real Xocalı soyqırımını tanımaq lazımdır...

Faiq Ələkbərli: “Putin imperialist xislətini kənara qoyarsa, onda bilər ki, əsl soyqırım Donbasda yox, məhz Xocalıda baş verib”
Rusiya prezidenti Vladimir Putin Donbasda baş verən hadisələri “soyqırım” adlandırıb. Belə ki, Almaniya kansleri Olaf Şoltsla görüşündən sonra keçirilən mətbuat konfransında Putin bildirib: “Bizim dəyərləndirmələrimizə görə, bu gün Donbasda baş verənlər soyqırımdır”.
Maraqlıdır, Putin Donbasda baş verənləri “soyqırım” kimi tanıyır, amma 30 il bundan əvvəl baş verən Xocalı qətliamını soyqırım kimi tanımayıb. Donbasda olanların soyqırım olub-olmadığı çox mübahisəlidir. Ukrayna ordusu, qoşunları Donbasa nə vaxt girdi ki, orada soyqırım da törətsin? Soyqırım hər situasiyada olmur ki. Əsl genosid olan Xocalı soyırımı indiyə qədər Putin və Rusiya tərəfənindən tanınmayıb. Putin qondarma və mübahisəli “soyqırımlar” axtarmaqdansa, gözünün qabağında baş verən Xocalı soyqırımını rəsmən tanısın və bundan sonra mübahisəli “Donbas soyqırımını” dünyaya tanıdar…
“Putin və Rusiya Federasiyası Xocalı soyqırımını tanımalıdır”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO başqanının Türk Dünyası ilə Əlaqələr üzrə müavini, siyasi şərhçi Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, Putinin bu kimi açıqlamaları ancaq Rusiyanın imperiya maraqlarını özündə əks etdirir. “Rusiyanın dünənə qədər olan tarixi də, bu gün baş verənlər də onun imperiya xislətini əks etdirir. Rusiya bir çox hallarda postsovet ölkələrində baş verən soyqırımlarda, birbaşa olmasa da, dolayısı ilə iştirak edib. Hər halda bunu anlamaqda Putin çətinlik çəkməz ki, yaxın tariximizdə Tiflisdə, Bakıda, Almatıda, Xocalıda baş verən soyqırımlar unudulmayıb. Biz nə 20 Yanvarı unutmuşuq, nə Xocalını, yaxud Almatıda, Tiflisdə və sair baş verən hadisələri unutmamışıq. Üstəlik də, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş verən soyqırımda keçmiş SSRİ-yə bağlı 366-cı motaatıcı dviziyanın iştirakı və ermənilərə hansı şəkildə dəstək verdiyi də məlumdur. Əlbəttə, bu anlamda Putinin Ukraynanı Donbasda “soyqırım” törətməkdə ittiham etməsi qətiyyən qəbuledilən bir şey deyil. Ukrayna sadəcə öz torpaq bütövlüyünü qorumaq üçün mübarizə aparıb, savaş verib. Ukraynanın atdığı bütün addımlar sadəcə öz dövlət təhlükəsizliyi üçündür. Yəni öz ərazi bütövlüyünü, dövlət müstəqilliyini qorumaq üçün savaş verir”.
F.Ələkbərlinin sözlərinə görə, Ukrayna öz daxilindəki separatizmi, separatçıları başlı-başına buraxmalı deyil və onlara qarşı addım atmalıdır, bu təbii bir məsələdir. O deyir ki, bunu eyni şəkildə Azərbaycan da edir, Gürcüstan da, Qazaxıstan da. “Sadəcə olaraq, Donbasdakı separatçıların araxasında duran, onları qışqırdan da məhz Rusiyadır. Donbasda insanlar ölübsə, qətlə yetirilibsə burada daha çox Rusiya günahkardır. Çünki separatizmin, xüsusən də postsovet ölkələrindəki separatçıların əsas dayaq nöqtələrindən biri məhz Rusiya Federasiyadır. Çox təəssüflər olsun ki, bu bir gerçəklikdir və bu gerçəklik bu gün də davam edir. Hazırda Ukraynanı təhdid edən də, bu ölkənin daxilində separatçıları yenə qışqırtmağa çalışan da Rusiya Federasiyasıdır. Necə ki, vaxtilə bunu ermənilərin əlilə Azərbaycana qarşı edib. Rusiya Federasiyası hələ də Xocalı soyqırımını tanımaq istəmir. Rusiya prezidenti gerçək soyqırımı tanımaq istəyirsə, onu Donbasda axtarmasın, Xocalıda axtarsın. Gerçək soyqırım 30 il bundan əvvəl Xocalıda baş verib. Putin və Rusiya Federasiyası Xocalı soyqırımını tanımalıdır. Tanımırlarsa, bu artıq Rusiyanın mahiyyətini ortaya qoyur. Əslində, Rusiya Federasiyasının öz mahiyyətində problem var. Putin imperialist xislətini kənara qoyarsa, onda bilər ki, əsl soyqırım Donbasda yox, məhz Xocalıda baş verib. Ancaq yenə də deyirəm, bu məsələlərdə Rusiyanın ortaya qoyduğu siyasət bəllidir. Gerçəklik dəyişmir. Əsas gerçəklik odur ki, əsl soyqırım Xocalıda baş verib və Rusiya da, Putin də onu tanısın”- deyə F.Ələkbərli bildirdi.