Rusiya Ermənistana “İsgəndər-M”i 5 il öncə verib - FAKT

Azərbaycan ictimaiyyəti günlərdir 44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən Şuşaya atılmış “İsgəndər - M” raketləri barədə məsələni müzakirə edir. Siyasətçilər, hərbi ekspertlər Şuşada tapılan raket qalıqlarının Ermənistan ordusunun hərbi arsenalında olmadığını vurğulayır. Belə olan halda da suallar haqlı olaraq raketlərin istehsalçısı olan Rusiyaya qarşı yönəlir.
Rəsmi Moskvanın səlahiyyətli qurumlarından isə bugünədək tapılmış raket qalığı ilə bağlı Azərbaycana dolğun informasiya verilməyib. Kremlin nümayəndəsi Dmitri Peskov Bakının bəyanatlarını şərh edərək, Qarabağ münaqişəsində “İsgəndər” raket kompleksləri tətbiq edilmədiyini təkrarlasa da, daha sonrakı açıqlamasında bu məsələnin iki ölkənin hərbi qurumları arasında sıx şəkildə müzakirə olunduğunu bildirmişdi.
Bundan öncə isə, yəni 25 fevralda Rusiya Müdafiə Nazirliyi “İsgəndər” OTRK-nın Dağlıq Qarabağdakı hərbi münaqişə zamanı istifadə olunmadığını bildirmişdi. Şöbə nümayəndəsi raketlərin hamısının Ermənistanın hərbi anbarlarında olduğunu qeyd etmişdi.
Bu yaxınlarda isə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında parkda yerləşdirilən “İsgəndər-M” raketinin qalıqlarını nümayiş etdirərək faktla bağlı bir daha rəsmi açıqlama tələb edib.
İçxəbər"qafqazinfo"ya istinadla xəbər verir ki, bütün bunların fonunda sözügedən raket komplekslərinin Rusiya tərəfindən Ermənistana verilməsi hələ 3 il əvvəl Rusiya mətbuatında öz təsdiqini tapıb. Belə ki, 2018-ci ildə Ermənistanın yenicə Baş naziri olmuş Nikol Paşinyanın Rusiyaya səfəri ərəfəsində “Kommersant" nəşrində dərc olunmuş məqalədə Rusiyanın 2016-cı ildə Ermənistana “İsgəndər - M” raket komplekslərini satdığı qeyd olunub. Məqalədə bildirilib ki, Moskva raket texnologiyalarının yayılmasına dair müqaviləni pozsa da, bu addıma məcburən getməli olub.