Koronaviruslu xəstələrə pul verəcəklər

Həftə sonu ailələrdə komple təmizlik anlamına gəlir söhbətini bizim şanlı hökumətimiz yanlış anlayıb. Onlar da koronavirusla mübarizə aparmaq üçün şəhərin mərkəzi yollarını şampunlayıblar. Bu gün şəhərə çıxmışdım, magistral yollarda elə bil xalça yuyulmuşdu. Maşınlar bir-birinin üstünə şampunlu suyu sıçradaraq irəliləyirdilər. Bəli, koronavirusla mübarizədə yeni mərhələyə çatmışıq, nirvanaya məsələn. Yox xəbəri dünyanın... Bəs nə? Magistral yolları yudunsa, özü də dezinfeksiyaedici vasitələrlə, bizə zaval yoxdur. Gündəlik virusa yoluxma 2 mindirsə, 200 olacaq, 200-dürsə 20-yə düşəcək. Elmdə yenilik, koronavirus üzərində Azərbaycan üsulu mübarizə...
Novruz bayramından öncə də buna bənzər bir “kəşf” etmişdilər. Bütün ictimai nəqliyyatın (əslindəsə ictimai nəqliyyat adına bir tək avtobusumuz qalıb) fəaliyyətini dayandırdılar ki, camaatımız bayram gəzmələrinə çox çıxmasın. Hərə şəkərbura-paxlavasını öz evində yeyib, qoz-fındıq bolluğundan təzyiq komasına öz evində düşsün. Amma nə oldu? 9 günlük bayram tətilinin fəsadları özünü aprelin əvvəlində, yəni, 10 gün sonra göstərdi. Yoluxma sayı çıxdı kəllə-çarxa. Artaraq da gedir, sağalan da çoxdur, amma ölüm sayı ürək ağrıdır. Virusun əlində ölənlərin sayı sonuncu Qarabağ savaşında, yol qəzalarında, əməliyyat masalarında ölənlərin sayını üstələyib. İndi bu tezisin üstünü də qaraladımı, hörmətli başbilənlər? Anladılarmı ki, ictimai nəqliyyatı bağlayanda hər kəs virusunun başını sığallayıb, evinə girmir...
Bu günlərdə də yeni bir xəbər yayılıb və hamı küyə düşüb. Sığorta şirkətlərindən biri açıqlama verib ki, bəs bundan sonra koronavirusa yoluxanlar sığorta pulu ala biləcəklər. Belə ki, şirkət 18 -50 və 51-60 yaş kateqoriyası üzrə sığorta paketləri təqdim edir. 18 – 50 yaş həddi üçün sığorta məbləği 19-38-57 manat, sığorta təminatları isə ölüm halında 1000-3000, yoluxma halında isə 250-900 manat təşkil edir.
51-60 yaş həddi arasında olan şəxslər üçün isə sığorta məbləği 33-66-99 manatdır. Burada da sığorta təminatı ölüm halında 1000-3000, yoluxma halında da 250-900 manat civarındadır.
Detallar necədir? Demək, yoluxma halında müştəri şirkətə müvafiq laborator analiz cavablarını təqdim edir. Bunun 14 gün gözləmə müddəti var. Müştəri sığortalandığı tarixdən 14 gün sonra yoluxma və ya ölüm halı baş versə, şirkət tərəfindən təyin olunan maddi təminatı alır. Bu həm fiziki, həm də hüquqi şəxslər üçün nəzərdə tutulub.
Bax belə, lətifə kimi ölkədə yaşayırıq. Pandemiya dönəmində işsiz qalan vətəndaşa 190 manat verilir, amma 19 manata özünü sığortalatdırıb, virusa yoluxanda 250-900 manat ala bilirsən. Nə qədər bahalı sığortan varsa, yoluxanda bir o qədər yüksək məbləğ alırsan. Hə, gəl indi canım kasıb vətəndaşımın qabağında dayan. Yerdən-göydən o sığorta məbləğini tapacaq, sığortaladacaq özünü, sonra da maskasız, özünü qorumadan gəzib dolaşıb, virusa yoluxacaq. Təki o 900 manatı ala bilsin deyə. Hələ siz qorxun ki, koronaya yoluxanlar ölüm üstündə də savaşa girsinlər. Bəs nə? Ölənlərin ailəsinə də 3000 manata yaxın pul verilir.
İndi bunun adı virusa təşviq deyil, nədir? Azərbaycanda 190 manat üstündə ötən il çıxarılan hoqqalar kimin yadından çıxıb axı? İki maşını olanlar 190 manat müavinət alırdı, camaata acıq verirdi. Uşağın biri 190 manat alıb, onun puluna yüzlərlə qarpız parçalayırdı yolun ortasında. Daha nələr-nələr... İndi görün bu 250-900 manat söhbəti kreativ xalqımızı necə hərəkətə gətirəcək, necə həvəsləndirəcək. Hamı koronasevər olacaq bir anda, korona kasıbın çörək ağacına çevriləcək. Mən ölü, siz diri... O biri sığorta şirkətləri də bundan duyuq düşən kimi ortaya “korona sığortası” paketi çıxarmasalar, daha mənim bu dünyadan, bu ölkədən heç bir anlayışım yoxdur.
Təkcə son bir həftənin uşaq pulu qalmaqalı bizə sübut etdi ki, ölkə siyasəti haqqında da anlayışımız yoxdu. Çünki normalda hər kəsin beşəlli razılaşmalı olduğu, kasıb vətəndaşa bir dəstək olacaq bu pulla bağlı siyasətçilər də az qala bir-birinə ən ağır sözlər dedilər. Məlum oldu ki, hətta bəzi müxaliflər hökumətin qayğısına onun özündən də çox qalırmışlar. O məşhur şeirdəki kimi – səni sevəcəyəm sən sevməsən də. Məsələn, dedilər ki, hökumətə güc düşər, mümkün olmaz, real olmaz... İqtidaryönlüləri birtəhər başa düşmək olar. Onlardan bəziləri hətta manevr edib dedilər ki, “uşaqpulu bütün ailələrə verilməsin. Ayda 6000 manat maaş alan adama niyə uşaqpulu verilsin ki?” Yəni, qıcığı özlərinin yox, varlıların üzərinə çəkdilər. Amma ölkədə sorğu, referendum keçirilsə, 90 faizin “hə” deyəcəyi bir mövzuda niyə Azərbaycan siyasəti bir neçə hissəyə bölünüb, müharibəyə başladı, bax, o bir qədər mübahisəli məsələ oldu, çözülmədi doğrusu...
İndi də aksiya başlanıb ki, açıq havada maska ilə gəzilməsin. Açıq havadan açıq havaya, məkandan-məkana fərq var halbuki. Bir var qələbəlik “Torqovı”da maskasız gəzəsən, bir də var təkəm seyrək adamların gəzişdiyi Ağ Şəhər bulvarında. Hamımızın təmiz hava tələbatımız var, amma oksigen aparatına bağlı xəstəxana palatalarında, gözünü palatanın tavanına dikib, zamanın necə keçəcəyini gözləyən xəstələrin də harda, necə, hansı şərtlər altında yoluxduğunu bilmirik. Yəni, biz açıq havada maskasız gəzək tələbi qoyacağıq, kimlərsə bundan sui-istifadə edəcək, bir də baxacağıq ki, burnumuzun dibində onlarla maskasız adamlar var. Onlardan hansı, neçəsi virus daşıyıcısıdır, artıq yoluxub(özünün xəbəri belə olmadan) bəlli deyil. Ona görə də bu illəti keçirmiş, yaşamış, məhrumiyyətlərini görmüş biri olaraq deyirəm, tələsməyək. Təmiz hava almaq gözəldi, amma ümumiyyətlə, nəfəs ala bilmək ondan da gözəldi...