COVİD-19 testini verməyə gedənlərin virusa yoluxma ehtimalı – FOTOFAKT

Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bilet satışı zamanı vətəndaşlardan COVİD-19 virusunun yoxlanılması məqsədilə analiz verilməsini tələb edir. Hava gəmisinə yalnız COVİD-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılır.
AZAL öncədən tarixi və vaxtı müəyyən edərək bilet almış vətəndaşları analiz verilməsi üçün Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına göndərir.
6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası
Bir çox hallarda isə bilet almış vətəndaşların analiz verməsi eyni saata və eyni dəqiqəyə təyin edilir. Bu zaman isə 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası potensial virus mənbəyi və yoluxma üçün əlverişli bir məkana çevirilir.
Birləşmiş Şəhər Xəstəxanasında müşahidə etdiklərimiz onu deməyə əsas verir ki, burada yaranmış vəziyyətdə sağlam insanlar belə virusa yoluxmadan sığortalanmayıblar. Xəstəxanada analiz verməyə gələn vətəndaşların təhlükəsizliyi və virusa yoluxmanın qarşısının alınması baxımından heç bir qabaqlayıcı tədbirlər görülməyib.
Xəstəxanada COVİD – 19 analizlərinin götürülməsi üçün ayrılan məkanda rahat şəkildə koronavirusa yoluxmaq və ya yoluxdurmaq mümkündür.
Qeyd olunanlara TƏBİB tərəfindən reaksiya veriləcəyi və vətəndaşların sağlam və təhlükəsiz analiz verməsi üçün normal şərait yaradacığına ümid edirik.