Sabiq məmurlar nə qədər pensiya alırlar? – AÇIQLAMA

Başqasının pulunu saymaq etik sayılmasa da, gündəm sabiqlərlə çalxalanarkən, onların dövlətdən oğurladıqlarını saya bilməyib rəsmi şəkildə aldıqlarını hesablamaq qərarına gəldik. İllərdir dövlət büdcəsini talayan sabiqlər Səlim Müslümov, Ziya Məmmədov, İsmət Abbasov, Hacıbala Abutalıbov nə qədər pensiya alır?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, dövlət qulluqçularına, o cümlədən sabiq nazirlərə pensiya təyinatı “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsi əsasında, yəni sığorta göstəriciləri nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr hesablanmaqla həyata keçirilir: “Bu əsasda qulluq stajına münasibətdə onlara təyin olunmuş pensiyanın məbləğləri fərqli ola bilər. Sığorta göstəricilərinə əsasən təyin olunan pensiyaların maksimum məbləği bütün növ pensiyalar üzrə qanunla məhdudlaşdırılmır.
Lakin qulluq stajına görə pensiya alan dövlət qulluqçularının (həmçinin sabiq nazirlərin) pensiyaları almış olduqları dövlət məvacibinin orta aylıq məbləğinin 80%-dən artıq ola bilməz”.
Qanunvericilikdə pensiya təyinatı bir neçə amilə görə müəyyənləşdirilir. Birinci amil yaşa görə pensiya təyinatıdır. Eyni zamanda, güzəştli şərtlərlə pensiya almaq hüququna malik olan şəxslər var. Bunlar dövlət qulluqçuları, rəhbər vəzifələrdə çalışanlar, yaxud vaxtilə çalışanlardır. Eyni zamanda, sağlamlıq və uşaqların sayına görə pensiya təyinatı mövcuddur. Məsələn, qanunvericilikdə cırtdanboylularla bağlı fərqli yaş hədləri müəyyənləşib. Amma Azərbaycanda vəzifəli şəxslər qanunvericilikdə göstərilmiş müddətdə staji yoxdursa və yaş həddi tamamlanmayıbsa, onlara pensiya təyin oluna bilməz. Əgər vəzifəli şəxs I qrup əlildirsə, ona müəyyən olunmuş yaş həddinə çatmamış da pensiya təyin oluna bilər. Bu zaman sığorta stajı və yığımla bağlı məbləğ müəyyənləşdirilməlidir.
Qanunvericilikdə bəzi dövlət qulluğunda çalışanlarla bağlı fərqli əsaslar və hallar müəyyənləşdirilib. Bütün bunlar pensiya məbləğinə təsir göstərən amillərdir. Əgər şəxs nazir postundan azad edilərkən yaşı və stajı pensiya təminatına imkan verirsə, birbaşa pensiyaya göndərilir. Amma ümumilikdə sabiq nazirlərin pensiya təminatı fərdidir. Bura minimum pensiya məbləği, yaş, staj və s. təsir göstərir.
“Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında” sərəncamda nazir, dövlət komitəsinin sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisinin əməkhaqqı 1925 manatdır.
Rəsmi məlumatlara əsasən, belə nəticə hasil olur ki, eks-nazirlərin orta pensiya məbləği 1540 manatdır (nazir maaşının 80%-i).