Mikael Minasyan:“Fransanın Ermənistandakı səfiri niyə susur”

Ermənistanın Vatikandakı səfiri Mikael Minasyan özünün "Telegram" kanalında maraqlı açıqlamalarına davam edir.
"İç xəbər" Ermənistan mediasına istinadən xəbər verir ki, bu dəfə o, Fransanın ölkəsindəki səfiri Conatan Lakotu hədəf alıb.
Onun sözlərinə görə, bu yaxınlarda bir qrup jurnalist Qarabağın hələ də işğal altında olan ərazilərinə getmək üçün Ermənistandan akkreditasiya alıblar. Lakin Laçında onları sülhməramlılar saxlayıb hara getdiklərini soruşublar. Cavabında fransız jurnalistlər onlara müvafiq akkreditasiya sənədini göstəriblər. Sülhməramlılar isə gəldikləri yerin Azərbaycan ərazisi olduğunu və sənədin yalnız Azərbaycan dövləti tərəfindən verilə biləcəyini söyləyiblər. Nəticədə fransız jurnalistlər İrəvana geri qayıdıb.
Doğrudur, bundan sonra səfir C.Lakot baş nazir Nikol Paşinyanla qeyri-rəsmi əlaqə saxlayıb. Nikol Paşinyan ona bu ilin yanvar ayının 11-dən etibarən media mənsublarının Qarabağda yalnız Azərbaycan akkreditasiyası ilə hərəkət edə biləcəyini söyləyib. Səfir Conatan Lakot isə susmaqla kifayətlənib.
Mikael Minasyan buna görə qəzəbini Nikol Paşinyana deyil, məhz fransız diplomata töküb.