“Qərb Ermənistanı qarışdırmağa çalışacaq, Azərbaycan isə...” – Rusiyalı politoloq

Rəsmi İrəvanın bir neçə stulda oturmağa yönəlmiş intriqaları heç bir nəticə verməyəcək. Ekspertlərə görə, Corc Sorosla əlaqə baş nazir Nikol Paşinyandan ötrü siyasi sağ qalmanın bir zəmanətdir. Bu qənaəti onlar məşhur amerikalı maliyyəçi, dünyadakı “rəngli inqilablar”ın sponsoru Sorosa məxsus “Açıq cəmiyyət” İnstitutunun Direktorlar Şurasının sədri vəzifəsində çalışmış David Xaçaturyanın namizədliyinin Ermənistan Ali Məhkəmə Şurasına irəli sürülməsini şərh edərkən bildirirlər.
“Fikrimcə, David Xaçaturyanın Ermənistanın Ali Məhkəmə Şurasına gözlənilən üzvlüyü bu ölkənin həm əvvəllər, həm də indi tamamilə amerikalı maliyyəçi Corc Sorosun təsiri altında olduğu qənaətlərini növbəti dəfə təsdiqləyir. Xaçaturyan özü də Soros proqramlarının fəal iştirakçısı olduğunu heç gizlətmir”.
"İç xəbər"in məlumatına görə, bu barədə Vesti.az-a rusiyalı tanınmış politoloq Yevgeni Mixaylov bildirib.
Ekspert İrəvanın Qarabağ müharibəsində məğlub olmasından və Ermənistan iqtisadiyyatının faktiki çöküşündən sonra ABŞ-ın öz maraqlarına uyğun olaraq regional siyasətə yenidən baxacağını istisna etmir. “Müharibə nəticəsində kollektiv Qərb Dağlıq Qarabağ probleminin həllindən kənarda qaldı və Rusiya və Türkiyə tərəfindən kənara atıldı. Bu vəziyyət həm ABŞ, həm də NATO üçün qəbuledilməzdir. Fikrimcə, o səbəbdən Ermənistanda vəziyyəti qarışdırmaq üçün səylər davam edəcək. Mühüm hakimiyyət strukturlarında Xaçaturyan kimilər nə qədər çox olarsa, bölgəni yenidən partlatmaq şansı da yüksək olacaq”, - deyə rusiyalı mütəxəssis vurğulayıb.
Politoloq rəsmi İrəvanın daima özünün Rusiya ilə əbədi dostluğu barədə “oxşama qurma”sını xatırladıb:
“Erməni xalqının öz rəhbərliyi tərəfindən aldadılması ölkəni fəlakətə gətirib çıxardı və bundan sonra Ermənistan iqtidarı yenidən Moskvaya əbədi dostluq andları içməyə başladı. Ancaq Moskva artıq özü üçün nəticələr çıxarıb və onu aldatmaq daha mümkün olmayacaq”.
Onun sözlərinə görə, bölgədə artıq yeni reallıq mövcuddur və Rusiya, Türkiyə və İran kimi vacib oyunçular indi Cənubi Qafqazda yeni bir güc mərkəzi formalaşdırır. “İrəvanın bir neçə stulda oturmağa yönəlmiş intriqaları isə işləməyəcək. Ermənistanın özündə böyük dəyişikliklər dönəmi yetişir, hakim elitanı böyük təmizləmə gözləyir”, - deyə o qeyd edib.
Mixaylov Paşinyan və Sorosun barışmaz düşmənlərinin Ermənistanda hakimiyyətə gələ biləcəyini də istisna etməyib. “O halda biz İrəvanda siyasi kursun tamamilə dəyişməsinin şahidi olacağıq. Nikol Paşinyan dövründə sorosçular siyasətə bütünlüklə rəhbərlik edirdilər və bunu etməyə davam edirlər. Ermənistan üçün isə bu, milli maraqlara xəyanətdir.
Bizi maraqlı hadisələr gözləyir. İstənilən halda, bu, yalnız Azərbaycanın əlini gücləndirir. Bakı uzun müddət dözdü və bir az da dözəcək ki, qonşu ölkədə hakimiyyətə alternativ bir lider gələcək, hansı ki, həm erməni, həm də Azərbaycan xalqının xeyrinə gələcək ortaq tərəfdaşlıq üçün çoxdan gözlənilən sülh müqaviləsini imzalayacaq”, - deyə ekspert sonda əlavə edib.