Şəhid ailələri və qazilərlə görüş keçirildi - Fotolar

2 fevral - Gənclər Günü münasibəti ilə Milli Məclisin sədr müavini Adil Əliyevin və Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin şəhid övladları, gənc qazilərin və rayon könüllülərinin bir qrupu ilə Rayon İcra Hakimiyyətində görüşü keçirildi.
Görüşdə çıxış edən Abdin Fərzəliyev qeyd etdi ki, Respublikamızın müstəqilliyini, təhlükəsizliyini, ərazi bütövlüyünü təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən vətəndaşlarımızın mütləq əksəriyyəti gənclərdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsində iştirak edən gənclərimiz Qələbə naminə canlarını belə qurban verməkdən çəkinmədilər. O, çıxışında ömrünün ən gözəl çağında şəhid olan gənclərimizə Allahdan rəhmət, qazilərimizə şəfa dilədi.
Rayon İcra hakimiyyətinin başçısı vurğuladı ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı ən yüksək səviyyədədir. Onun sözlərinə görə, bu xeyirxah münasibət xalqımız, xüsusilə də şəhid ailələri tərəfindən çox böyük minnətdarlıqla qarşılanmaqdadır. Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Prezident İlham Əliyev və Birinci vitse-Prezident Mehriban Əliyevanın tövsiyələri, şəxsi nümunələri rəhbər tutularaq Nərimanov Rayon İcra Hakimiyyəti də Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi gündəlik vəzifəsi bilir, hər bir şəhid ailəsinə və qaziyə xüsusi həssaslıqla yanaşır, mütəmadi olaraq onların ailələrinə baş çəkir, problemlərini dinləyir, həll olunması üçün bütün səylərini əsirgəmir.
Milli Məclisinin sədr müavini Adil Əliyev görüş iştirakçılarını Gənclər Günü münasibəti ilə təbrik etdi, onlara xoş arzularını çatdırdı. O da çıxışında qeyd etdi ki, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və onlara bərabər tutulan şəxslərin sosial məsələlərinin həlli daim diqqət mərkəzindədir. Dövlətimiz hər bir Azərbaycan vətəndaşının sosial məsələlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu baxımdan çox mühüm layihələr həyata keçirilir.
Səmimi keçən görüş zamanı “Vətən Müharibəsi Qəhrəmanı” şəhid polkovnik Nudirəliyev Zaurun övladları və Vətən müharibəsinin qaziləri dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən dəstək, diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Bundan sonra da torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşəcəklərini bildirdilər.
Gənclər Günü münasibəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, gənc qazilər və könüllülər Vətən müharibəsi şəhidi, idmançı Murad Məmmədovun evində də olub, ailəsini ziyarət etdilər. Ziyarət zamanı “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədovun əziz xatirəsi yad olundu, qəhrəman şəhidimizin döyüşlərdə göstərdiyi igidlik və şücaət yüksək qiymətləndirildi. Şəhidin atası İlham Məmmədov oğlunun idman nailiyyətlərindən, keçdiyi hərbi xidmət yolundan danışdı. Ziyarətə gələnlər Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Murad Məmmədovun xatirəsinin əziz tutulduğunu, hər zaman qəlblərində əbədi yaşayacağını qeyd etdilər. Sonra Rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, gənc fəallar, qazilər və könüllülər şəhid Murad Məmmədovun məzarını ziyarət edərək, əziz xatirəsini hörmət və ehtiramla yad etdilər.
Vətən uğrunda canından keçən şəhidimiz Azad Bəkirlinin dəfn olunmasının 40-cı günü 2 fevral - Gənclər Gününə təsadüf etdiyindən Milli Məclisinin sədr müavini Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Nərimanov rayonundan olan digər şəhid valideynləri, rayonun fəal gəncləri və könüllülər şəhidimizin məzarını ziyarət etdilər, daha sonra ailəsinə baş çəkdilər. Ziyarət zamanı şəhidin ailəsinə başsağlığı verərək bu cür qəhrəman övlad yetişdirdikləri üçün ailəsinə minnətdarlıqlarını bildirdilər, hər zaman bütün şəhid ailələri kimi onların da yanlarında olacaqlarını ifdə etdilər.


