Dövlət qurumunun Bakıda parkinq savaşı: Deputat maşını saxlamaq üçün 22 dəqiqə yer axtardı

Bakı Nəqliyyat Agentliyindən narazılıqların günü-gündən artmasına baxmayaraq, mövcud olan problemlər hələ də öz həllini tapmır. Bu problemlərlə bağlı demək olar ki, hər gün mediada müxtəlif materiallar yayılır, ölkənin tanınmış şəxsləri tənqidlər səsləndirir. Xüsusilə də parklanma problemi artıq dözülməz həddədir. Lakin Agentlik rəhbərliyi məsələni nəinki həll edir, hər gün daha da dramatikləşdirir.
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Rüfət Quliyev bildirib ki, o problemin həlli ilə bağlı vaxtilə agentliyə təkliflər verib. Lakin agentlik bu təkliflərin heç birini nəzərə almayıb. Və artıq bir ilə yaxındır ki, BNA-nın fəaliyyətini tənqid etməsinə baxmayaraq, qurum yenə də öz bildiyini etməkdə israrlıdır:
“İnsanlar əziyyət çəkirlər, maşınlarını saxlaya bilmirlər. Məsələnin həlli üçün təklifim odur ki, parkomatlar qoysun. Yeni texnologiyada istehsal olunan parkomatlar var, günəş işığı ilə işləyir. Belə olanda insan rahatlıqla maşını saxlayır, pulunu ödəyir, qəbzi götürür.
Yoxsa maşının şəklini çəkməklə iş həll olmur. Onlar bununla insanları incidirlər. Mən demirəm ki, sosial şəbəkədə onlar haqqında yazılan narazılıqların hamısı düzdür. Lap tutaq ki, mən sosial şəbəkələrdə yazılanlara inanmadım, axı özüm 22 dəqiqə şəhərdə fırlanıb maşın saxlamağa yer tapa bilmədim. Həyətin içərisinə girəndə də gəlib partizanlar kimi şəkil çəkib qaçırlar. İnsanları incitmək olmaz. Hər gün bu problemlə rastlaşırlar”.