Prezident Səid Əhmədovu təltif etdi - Fotolar

Prezident İlham Əliyev Azərbaycannın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Silahlı Qüvvələrinin hərbi qulluqçularını təltif edib.
"İç xəbər" bildirir ki, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanlar arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin Xüsusi şöbəsinin rəisi polkovnik-leytenant Səid Əhmədov da var. S. Əhmədov müharibənin ilk günlərindən ən gərgin döyüşlər gedən bölgələrdə olub. Füzuli, Cəbrayıl rayonlarının, Xocavəndin bir sıra kəndlərinin işğaldan azad olunmasında iştirak edib. Şuşaya ilk bayraq sancan da S. Əhmədov və onun rəhbərlik etdiyi qrup olub.
Cəbhədə göstərdiyi qəhrəmanlıqlara görə Əlahiddə Ümumqoşun Ordunun Komandanı, general-polkovnik Kərəm Mustafayev S. Əhmədovu polkovnik rütbəsi ilə təltif edib.
S. Əhmədov “Yeni Sabah”a açıqlamasında təltif olunan döyüş yoldaşlarını təbrik edib və göstərdiyi diqqətə görə Ali Baş Komandan İlham Əliyevə, Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevə təşəkkürünü bildirib. O, bundan sonra da vətən torpaqlarının müdafiəsi üçün əsgərləri ilə hər zaman hazır olduğunu qeyd edib.




