DTX xarici vətəndaşı muzdla vuruşmaqda şübhəli sayır

Bəzi xarici vətəndaşların muzdla Azərbaycanın işğalda olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak etmələrinə və
terrorçuluq əməlləri törətmələrinə əsaslı şübhələr yarandığı bildirilir.
Bu barədə bugün, dekabrın 2-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Bildirilir ki, xarici ölkələrin vətəndaşlarının muzdla Ermənistandan Azərbaycanın işğalda olmuş ərazilərinə keçirilməklə
qanunsuz silahlı birləşmələr, terrorçu dəstələr halında döyüşlərə cəlb edilmələri ilə bağlı kompleks əməliyyat-istintaq
tədbirləri davam etdirilir.
Məlumatda vurğulanır ki, Livan vətəndaşı Viken Eulcekcianın, həmin ölkənin vətəndaşı Hovak Kikiyan, habelə
ayrı-ayrı xarici ölkə vətəndaşları ilə birgə muzdla Azərbaycannın işğal olmuş ərazilərində hərbi əməliyyatlarda iştirak
etmə və terrorçuluq əməlləri törətmələrinə şübhələr yaranıb.
Viken Eulcekcianın Cinayət Məcəlləsinin 114.3-cü (Muzdluluq), 214.2.1-ci və 241.2.3-cü (Terrorçuluq) və başqa
maddələr ilə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilir.
Bu açıqlamaya, hələlik, ittiham edilən şəxslərin və ya onların vəkillərinin münasibətini almaq mümkün olmayıb.
Xatırlatma
Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.
Azərbaycan rəsmiləri bildiririrlər ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 300 civarında
yaşayış məntəqəsini, o cümlədən dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri
(Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad ediblər.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə,
Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalıb.Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının
Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları
yerləşdirilib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs
razılaşmasına qədər (birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal
edilmişdi.
"İç xəbər"